Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü yanvar ayının 22-də keçirildi.
23 yanvar 2026 | 10:03
1 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, şəhər prokuroru, bələdiyyə sədri, şəhərin müxtəlif ərazilərindən gələn sakinlər, idarə və müəssisələrin rəhbərləri, mətbuat işçiləri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan şəhər rəhbəri sakinlərini salamlayaraq, qeyd edib ki, Müzəffər Ali Baş Komandanımızın apardığı uğurlu siyasətin və rəşadətli Azərbaycan Ordusunun sayəsində ərazi bütövlüyümüz bərpa olunmuşdur. Bu gün ölkəmizin bütün ərazilərində olduğu kimi Qarabağda da bərpa, quruculuq və abadlıq işləri sürətlə davam etdirilir. Qarabağda həyata keçirilən genişmiqyaslı işlər nəticəsində yaşayış məntəqələri bərpa edilir, yol, işıq və qaz xəttləri çəkilir, digər kommunikasiya və infrastruktur layihələri icra olunur, şəhərlər və kəndlər yenidən qurulur, məcburi köçkünlər sürətli şəkildə öz doğma yurdlarına köç edirlər.
İlham İsmayılov eyni zamanda 2026-cı ildə Mingəçevirdə aparılacaq abadlıq-quruculuq işləri barəsində geniş məlumat verdi.
Görüşdə çıxış edən sakinlər aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və şəhər rəhbərinə minnətdarlıqlarını bildirdilər. Sakinlər eynizamanda onları narahat edən problemləri diqqətə çatdırdılar. Müraciətlər əsasən istilik sisteminin bərpası, çoxmənzilli yaşayış binasında dam örtüyünün təmiri, “abad” məhəllənin salınması küçə və məhəllədaxili yolların təmiri və digər məsələlərlə bağlı olmuşdur.
Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlər istiqamətində aidiyyəti üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.