Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü yanvar ayının 15-də Ü.Hacıbəyli adına 1 nömrəli musiqi məktəbinin akt zalında keçirilib
17 yanvar 2025 | 14:02
Görüşdə məktəbə yaxın olan binalardan və şəhərin müxtəlif ərazilərindən gələn sakinlər, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər.
Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov prezident İlham Əliyevin tapşırığı ilə vətəndaşlarla keçirilən səyyar görüşlərin müsbət nəticələrindən danışıb. Bildirib, ki, ötən il ərzində şəhərimizdə abadlıq quruculuq işlərinin təminatı ilə bağlı bir çox layihələr keyfiyyətlə yekunlaşıb. Bu il üçün də Mingəçevirdə yeni tədbirlər planı tərtib olunacaq, təmir-bərpa və quruculuq işləri yeni əraziləri əhatə edəcəkdir. Əsas məqsədimiz şəhərimizi gözəlləşdirmək, sakinlərin rifah halının yaxşılaşdırılmasına nail olmaq üçün küçə və məhəllələrdə, istirahət məskənlərində abadlıq işlərini aparmaqdır. Binaların əsaslı təmiri, asfalt örtüyünün salınması, bordürlərin qoyulması, səkilərin yaradılması, işıqlanma sisteminin yenidən qurulması və bu kimi digər işlər yenə də reallaşacaqdır.
Görüşdə çıxış edən sakinlər həyata keçirilən quruculuq işlərinə görə ölkə prezidentinə minnətdarlıqlarını bildirərək, onları narahat edən problemlərdən danışıblar. Bəzi binalarda kanalizasiya sistemində olan problem səbəbindən zirzəmiyə çirkab suyun tökülməsi, binaların qarşısında oturacaq və kölgəliyin olmaması, qurumuş və ya fiziki cəhətdən ömrünü bitirmiş ağacların budanmasının zəruriliyi diqqətə çatdırılıb. Vətəndaşlar qeyd ediblər ki, yaşıllıqların suvarılması üçün su xətti çəkilməlidir, bəzi binalar əsaslı təmir olunmalıdır, uşaqlar üçün idman meydanları, əyləncə qurğuları yoxdur, gözəl və müasir formada təmir olunan, asfaltlanan binanın qarşısından avtomobillərin sürətlə keçməsi narahatlıq yaradır və s.
İcra başçısı İlham İsmayılov diqqətə çatdırılan problemlərin həllinə aydınlıq gətirən aidiyyəti müəssisə rəhbərlərinə tapşırıqlarını verib. Bildirib ki, vətəndaşların müraciətlərinə məsuliyyətlə yanaşmaq, həllinə nail olmaq bizim başlıca vəzifəmizdir və keçirilən görüşlərin əhəmiyyətini hər birimiz görürük. Qısa vaxt ərzində deyilən problemlər həllini tapacaq və şəhərin başqa-başqa ərazilərində quruculuq işlərinə başlanacaqdır. Əsas məqsədimiz vətəndaş məmnuniyyətinə nail olmaqdır.