Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü yanvar ayının 13-də keçirilib.
14 yanvar 2026 | 10:58
Mingəçevir Telekommunikasıya Qovşağında keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, bələdiyyə sədri, şəhərin müxtəlif ərazilərindən gələn sakinlər, idarə və müəssisələrin rəhbərləri, mətbuat işçiləri iştirak ediblər.
Görüşü açan şəhər rəhbəri qeyd etdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2026-cı ildə Mingəçevirdə əvvəlki illərdən daha geniş abadlıq-quruculuq işləri aparılacaqdır. Şəhərdə infrastruktur layihələri demək olar ki, yekunlaşmaq üzrədir. İçməli su, təbbi qaz, elektrik enerjisinin verilişi ilə bağlı heç bir problem qalmayıb. Kanalizasiya sisteminin yenilənməsi işləri 84 faiz yekunlaşıb və işlər bu il də davam etdiriləcək. İnsanları daha çox narahat edən istilik sisteminin bərpası işlərinə başlanılması üçün danışıqlar aparılıb. Sahibkarlığın inkişafına Mingəçevirdə maksimum dəstək göstərilir, ötən il bizim göstərdiyimiz dəstək sayəsində 180-ə yaxın iş yerləri yaradılmışdır. Bütün bunlar ölkə başçısının tapşırığı və qayğısı əsasında yaradılmışdır.
Çıxış edən sakinlər kanalizasiya xəttindəki nasazlıqların aradan qaldırılması, yollara asfalt örtüyünün çəkilməsi, ağacların budanması, bəzi küçələrin işıqlandırılması, sel-su kanalının təmizlənməsi kimi problemləri diqqətə çatdırdılar.
Diqqətə çatdırılan problemlərlə bağlı müvafiq müəssisə rəhbərlərinin məlumatlarını dinləyən İlham İsmayılov vətəndaşların müraciətlərinə ciddi yanaşmağı, hər bir problemin həllinə qısa müddətdə nail olmağı tapşırıb.