Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü sentyabrın 21-də 1 nömrəli tam orta məktəbin akt zalında baş tutdu.

22 sentyabr 2023 | 15:23

Görüşə 1 nömrəli tam orta məktəbə yaxın olan N.Nərimanov küçəsi ərazisində yaşayan sakinlər dəvətli idilər. Görüşdə şəhər polis şöbəsinin rəisi Ədalət Əliyev, İcra Hakimiyyətinin məsul şəxsləri, ictimaiyyət nümayəndələri və mətbuat işçiləri iştirak edirdilər. Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları salamladıqdan sonra ölkəmizdə və şəhərimizdə mövcud olan yeniliklər barədə məlumat verdi. Qeyd etdi ki, erməni separatçılarının qanunsuz silahlı dəstələrinin törətdikləri terror əməllərinin qarşısını almaq məqsədi ilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevn rəhbərliyi ilə Milli Ordumuz layiqli cavab verdi. Lokal xarakterli müharibə Ordumuzun qələbəsi ilə başa çatdı. İndi artıq Qarabağ tamamilə bizdədir və ərazi bütövlüyümüz təmin olunmuşdur. Sevindirici haldır ki, erməni faşistləri yenə də ağ bayraq qaldıraraq təslim olmuş və Azərbaycanın qoyduğu şərtləri qəbul etmək məcburiyyətində qalmışdır. Qələbə münasibəti ilə görüş iştirakçılarını təbrik edən İcra Hakimiyyətinin başçısı Mingəçevirdə aparılan abadlıq quruculuq işləri haqqında da məlumat verərək bildirmişdir ki, bu günədək şəhərdə 87 küçə tam asfaltlanmış, 36 küçədə isə hazırlıq işləri aparılır. O cümlədən 56 binada əsaslı təmir işlərinə başlanılmış, 5 məhəllədə isə quruculuq işləri aparılacaqdır. Bu günədək insanları narahat edən kanalizasiya sistemlərinin qaydaya salınması istiqamətində işlər 80 faizə qədər yekunlaşmışdır. Mingəçevirin gələcək inkişafı, əlbəttə bizim apardığımız bütün bu işlərlə bağlıdır. Şəhərimiz turizm baxımından da inkişaf edəcəkdir. Bu sahədə əməli işlər həyata keçirilir. İcra başçısı şəhərdə işsizliyin aradan qaldırılması məqsədi ilə həyata keçirilən tədbirlərdən də bəhs etdi. Sonra zalda qoyulmuş sərbəst mikrafondan istifadə edən sakinlər çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirdilər. Qarşılaşdıqları bir sıra problemlər haqqında söhbət açdılar. Xüsusilə ərazidə bəzi küçələrin bərbad vəziyyətdə olmasından, vətəndaşlar üçün təhlükə yaradan sahibsiz itlərin çoxluğundan, işıqlanmanın bəzi yerlərdə zəifliyindən, işsizliyin mövcudluğundan və şəxsi problemləri haqqında danışdılar. Qaldırılan problemlərə diqqətlə yanaşan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məsələlərə aydınlıq gətirərək görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə, şəhər İcra Hakimiyyətinin məsul şəxslərinə tapşırıqlarını verdi.

Keçidlər