Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü sentyabr ayının 5-də keçirilib

06 sentyabr 2024 | 15:46

Ş.İ.Xətai küçəsindəki 10 nömrəli yaşayış binasının qarşısında keçirilən görüşdə Ş.İ.Xətai, A.Məmmədov, N.Nərimanov, Nizami küçələrindəki yaşayış binalarının sakinləri, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak edirdilər.

Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov dövlət başçısı İlham Əliyevin tapşırıqlarına əsasən ölkəmizin bütün bölgələrində həyata keçirilən quruculuq işlərindən bəhs edərək bildirdi ki, cari ilin əvvəlindən şəhər İcra Hakimiyyətinin tərtib etdiyi tədbirlər planına müvafiq olaraq Mingəçevirdə əsaslı təmir, abadlıq-quruculuq işləri sürətlə aparılır. Küçələrdə, məhəllələrdə, yaşayış massivlərində, istirahət məskənlərində əsaslı təmir və abadlıq işlərinin davam etdirilməsi şəhərimizin gözəlliyinə xüsusi əlavələr edir, sakinlərin razılığı ilə qarşılanır. Qeyd olunub ki, ilin sonuna qədər şəhərin sağ və sol sahillərində, energetiklər yaşayış massivində 61 yaşayış binasında əsaslı təmir işləri həyata keçiriləcək, 6 nümunəvi məhəllə yaradılacaq, 30-dan artıq küçə və dalanda asfaltlanma işləri aparılacaq, 400-dən çox sahədə işıqlanma nöqtələri quraşdırılacaqdır.

Görüşdə çıxış edən sakinlər görülən işlərdən razılıqlarını ifadə edərək qarşılaşdıqları problemlərdən bəhs etdilər. Əsasən binaların zirzəmilərində mövcud olan antisanitar vəziyyətdən, yaşıllıqların qorunması, ağacların suvarılması və budanması sahəsindəki çətinliklərdən söz açdılar. Həmçinin yaxın ərazilərə iribuynuzlu heyvanların günün müxtəlif saatlarında daxil olması nəticəsində yaşıllıqların və ağacların məhv edilməsinə səbəb olduğu bildirildi. Ərazidəki qazanxana binasının daxilində antisanitar vəziyyətin aradan qaldırılmasını xahiş etdilər.

Sakinlərin diqqətə çatdırdıqları problemlərə münasibətini bildirən şəhər rəhbəri əlaqədar idarə və müəssisə rəhbərlərinə tapşırıqlarını verdi və vətəndaşları narahat edən hər bir çatışmazlığın həllinin nəzarətə götürüldüyünü, tezliklə müsbət nəticələrin əldə olunacağını bildirdi.

Keçidlər