Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü sentyabr ayının 19-da energetiklər yaşayış massivində keçirildi

19 sentyabr 2024 | 16:08

Yadigar Mənsurov küçəsindəki 11 nömrəli yaşayış binasının qarşısında keçirilən Görüşdə Yadigar Mənsurov, Naxçıvan küçələrindəki çoxmənzilli yaşayış binalarının sakinləri, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak ediblər.

Görüşü İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində həyata keçirilən abadlıq-quruculuq işlərinin genişlənməsindən söz açdı. Bildirdi ki, şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq bu ilin əvvəlindən Mingəçevirdə başlanan əsaslı təmir, abadlıq və quruculuq işləri keyfiyyətlə icra olunur. Həyata keçirilən abadlıq işləri sakinlər tərəfindən razılıqla qarşılanır. Şəhər rəhbəri bildirdi ki, energetiklər yaşayış massivində ötən 5 il ərzində 59 yaşayış binasında əsaslı təmir işləri aparılıb, 232 giriş dəhlizi və binaların fasadları təmir olunub, 5 nümunəvi məhəllə yaradılıb. Ərazidə 15 küçə, 31 dalan və 5 nümunəvi məhəllədə asfaltlanma işləri aparılıb, 25 küçədə işıqlanma dirəkləri quraşdırılıb, yeni işıqlanma nöqtələri yaradılıb. Tədbirlər planının qrafikinə uyğun olaraq bu ilin sonunadək yaşayış massivində Dövlət Proqramının növbəti mərhələsi olaraq kanalizasiya sistemi yenidən quraşdırılmaqla 2 nümunəvi məhəllə yaradılacaq, küçələrdə və dalanlarda işıqlanma nöqtələri yaradılacaq, işıq dirəkləri quraşdırılacaq. Bütün bunlar vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət edir. İşsizliyin aradan qaldırılması istiqamətində Mingəçevirdə həyata keçirilən işlərdən danışan şəhər rəhbəri Azərbaycan İES-də yeni stansiyaların tikintisinin sürətləndiyini, sahibkar layihələrinə xüsusi diqqət göstərildiyini də qeyd etdi.

Çıxış edən sakinlər görülən işlərdən razılıqlarını ifadə edərək qarşılaşdıqları problemlərdən bəhs etdilər. Bəzi binaların zirzəmilərində mövcud olan antisanitar vəziyyətin yaratdığı narahatlıqlardan söz açıldı. Həmçinin bəzi binaların damından yağışlı günlərdə yağış sularının evlərə tökülməsi, oturacaqların və kölgəliklərin azlığı, işıqlanmanın zəifliyi, zibil yeşiyinin olmaması barədə narahatlıqlar bildirildi. Uşaqlar üçün idman meydanının yaradılması kimi təkliflər də səsləndirildi.

Sakinlərin qaldırdıqları problemlərə münasibətini bildirən İlham İsmayılov idarə və müəssisə rəhbərlərinə tapşırıqlarını verərək vətəndaşları narahat edən problemlərin həllinin qısa vaxt ərzində icra edilməsini tapşırdı.

Keçidlər