Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü sentyabr ayının 16-da keçirildi.
16 sentyabr 2022 | 12:07
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü sentyabr ayının 16-da Energetiklər yaşayış massivindəki Naxçıvan küçəsi ərazisində oldu. Görüşə həm də şəhərin müxtəlif küçə və məhəllələrindən sakinlər də gəlmişdilər. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşə gələn sakinləri salamladıqdan sonra sentyabr ayının 12-dən 13-nə keçən gecə Kəlbəcər, Laçın, Daşkəsən istiqamətində düşmənin törətdiyi növbəti təxribardan danışaraq vətən torpaqlarının azad olunması, qorunması uğrunda həlak olan bütün şəhidlərimizin xatirəsini yad etdi. 44 günlük Vətən müharibəsindəki zəfər tariximizdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və şəhərimizdə aparılan abadlıq quruculuq işlərindən bəhs etdi. Bildirdi ki, bu cür səyyar görüşlər Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq keçirilir, əsas məqsəd isə sakinləri narahat edən problemlərin öyrənmək və həllinə nail olmaqdır. Şəhərimizdə kanalizasiya sisteminin yenidən qurulması işlərinin sürətlə görüldüyünü bildirdi. Naxçıvan küçəsindəki 46,48, 48/1, 53/3, 50/2, C.Əliyev küçəsindəki 1, 2, 13, 13A saylı binalarının sakinləri çıxış edərək qarşılaşdıqları problemlərdən söz açdılar. Saniyə Əbdürrəhmanova istlik sisteminin olmaması səbəbindən qış aylarında xəstəliklərdən əziyyət çəkdiyini bildirdi. Polad Səfərov zirzəmilərdə yığılan su yığıntısının antisanitariya yaratdığından, Ramiz Məmmədov məhəllədə işıqlanmanın olmamasından, Məlahət Nəsibova əqli və fiziki qüsurlu övladının təqaüdünün kəsilməsindən, Qurban Səmədov yaşadığı küçəyə ad löhvəsinin vurulmamasından, Tofiq Rəsulov və Mahud İsmaylov kanalizasiya və işıqlanma sahəsindəki problemlərdən bəhs etdilər. Anar Səbzəliyev, Aygün Nəbiyeva binalarının ümumi istifadə sahələrinin, dam örtüyünün əsaslı təmirə ehtiyacı olduğunu dilə gətirdilər. Bağlar yaşayış massivindən gələn Könül Qurbanova da öz problemindən danışdı. İşsizlik, məhəllələrdə sakinlərin istirahəti üçün oturacaqların qoyulmasının, söhbətgahların yaradılmasının zəruriliyi dilə gətirildi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırlan bütün məsələləri diqqətlə dinlədikdən sonra keçmiş regenerat zavodunun ərazisində yeni fabriklərin tikiləcəyini və bunun sayəsində yeni iş yerlərinin açılacağını bildirdi. Görüşdə iştirak edən İcra Hakimiyyəti başçısı aparatının məsul şəxslərinə, idarə, müəssisə, təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi. Yekun olaraq sakinləri əmin etdi ki, qaldırılan hər bir məsələ nəzarətə götürüləcək və vaxtında həllini tapacaqdır.