Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü oktyabr ayının 3-də keçirildi.
04 oktyabr 2024 | 14:28
Mingəçevir Bələdiyyəsinin akt zalında keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri, əməkdaşları, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri, M.F.Axundov, S.Vurğun, H.Əliyev küçələrinin, eləcə də şəhərin digər məhəllərinin sakinləri iştirak ediblər.
İcra Hakimiyyətinin başçısı İlham İsmayılov dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşan əsaslı təmir, abadlıq-quruculuq işlərindən danışdı. Bildirdi ki, İcra Hakimiyyətinin tədbirlər planına əsasən ilin əvvəlindən başlanan quruculuq işləri vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət edir. İşsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən işlərdən danışan şəhər rəhbəri sahibkar layihələrinə xüsusi diqqət göstərildiyini vurğuladı.
Səyyar qəbulda çıxış edən şəhər sakinləri çoxmənzilli yaşayış binalarının təmiri, ağacların budanması, işlə təmin olunma, kölgəliklərin qoyulması, kanalizasiya sistemi ilə bağlı çatışmamazlıqları şəhər rəhbərinin nəzərinə çatdırdılar. Vətəndaşların irad və təkliflərini diqqətlə dinləyən İlham İsmayılov qeyd olunan məsələlərin həlli istiqmətində əlaqədar təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.