Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü oktyabr ayının 2-də 7 nömrəli tam orta məktəbin akt zalında oldu.
03 oktyabr 2025 | 10:33
Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, polis şöbəsinin rəisi, şəhər prokuroru, Bələdiyyənin, idarə və müəssisələrin rəhbərləri, müxtəlif ərazilərdən gələn sakinlər, mətbuat işçiləri iştirak ediblər. Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə vətəndaşlarla keçirilən səyyar görüşlərin əhəmiyyətindən danışıb. Görüşlər zamanı qaldırılan problemlərin qısa vaxt ərzində həll olunduğunu bildirib. Şəhərin gözəlləşməsi və insanların rifah halının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihələrin icrasının davam etdirildiyi qeyd olunub. Bu ərazidə də Dövlət Proqramına əsasən yeni kanalizasiya sisteminin çəkilişindən sonra abadlıq işlərinin aparılacağı, yaşayış binalarının əsaslı təmir olunacağı diqqətə çatdırılıb. Cari ilin sonunadək yeni istirahət parkının istifadəyə veriləcəyi, iki xiyabanda yenidənqurma işlərinin reallaşacağı bildirilib. Çıxış edən sakinlər regionlara göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər. Şəhərdə ictimai asayişin yüksək səviyyədə təmin edildiyindən söz açılıb. Abadlıq quruculuq işlərində əməyi olanlara razılıq bildirilib. Ərazidəki bəzi binaların zirzəmisinin çirkab su ilə dolu olduğu, köhnə kanalizasiya xəttinin nasazlığı, müasir oturacaqların qoyulması, qurumuş ağacların budanması kimi müraciətlər edilib. Vətəndaşların problemlərlə bağlı müraciətlərini və aidiyyəti müəssisələrin rəhbərlərinin məlumatlarını dinləyən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tapşlrıqlarını verib. İcra Hakimiyyətinin yeni qaynar xətt nömrəsinin 27-8-46-00 olduğunu, problemlər olarsa məhz bu əlaqə nömrəsinə zəng etməyi tövsiyyə edib.