Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü oktyabr ayının 10-da keçirilib
11 oktyabr 2024 | 14:48
9 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri eyni zamanda Sabir, M.Maqomayev, N.Nərimanov, 20 Yanvar və başqa küçələri sakinləri iştirak edirdi.
İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Prezident İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlara əsasən ölkəmizin bütün regionlarında başlanan tikinti-təmir, abadlıq-quruculuq işlərinin genişləndiyindən bəhs etdi. Bildirdi ki, ötən illər ərzində 250-dən artıq çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri reallaşıb. Cari ildə də İcra Hakimiyyətinin tədbirlər planına əsasən şəhərimizin sağ və sol sahillərində, energetiklər yaşayış massivində həyata keçirilən əsaslı təmir işləri uğurla davam etdirilir, nümunəvi məhəllələr yaradılır. Layihə çərçivəsində 36 küçə və dalanda asfaltlanma işləri görüləcək, 600-ə yaxın müxtəlif yerlərdə yeni işıq nöqtələri yaradılacaq, yaşıllıq zolaqları genişlənəcək. Vətəndaşların məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması məqsədi ilə həyata keçirilən işlərdən danışan şəhər rəhbəri sahibkar layihələrinə xüsusi önəm verildiyini vurğuladı.
Çıxış edən sakinlər onların rifah halının yaxşılaşdırılmsı məqsədi ilə həyata keçirilən quruculuq işlərinə görə ölkə prezidentinə minnətdarlıqlarını bildirdilər, qarşılaşdıqları problemlərdən söz açdılar. Oturacaqların və kölgəliklərin olmaması, dam örtüyündə mövcud olan nasazlıq səbəbindən yağış sularının evlərə tökülməsi, qurumuş ağacların budanmasının vacibliyi, ağacların suvarılmaması, abad məhəllələrin salınması , küçələrin işıqlandırılması kimi problemlər səsləndirildi.
Şəhər rəhbəri İlham İsmayılov qaldırılan problemlərin həlli ilə bağlı məlumat verən idarə və müəssisə rəhbərlərinə, vətəndaşların müraciətlərinə məsuliyyətlə yanaşmağı, narahatlıq yaradan hər bir problemi qısa müddət ərzində həll etməyi tapşırdı.