Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü noyabr ayının 7-də 12 nömrəli tam orta məktəbin akt zalında keçirilib

08 noyabr 2024 | 13:04

Məktəbə yaxın binaların və şəhərin başqa ərazilərindən gələn sakinlərin dəvət olunduğu görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis rəisi, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak ediblər. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşü açaraq əvvəlcə tədbir iştirakçılarını və onların timsalında ailə üzvlərini Zəfər Günü, Bayraq Günü və Şəhər günü münasibəti ilə təbrik edərək xoş arzularını çatdırıb. Bildirib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbəriyi ilə həyata keçirilən tikinti-təmir, abadlıq-quruculuq işləri vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi ilə reallaşır. Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevirdə davam etdirilən əsaslı təmir və quruculuq işlərinin sahəsi genişlənir. Çoxmənzilli binaların əsaslı təmir edilməsi, nümunəvi məhəllələrin yaradılması, uşaq-idman meydanlarının hazırlanması, sakinlərin sevimli istirahət məskəni olan xiyabanlarda yenidənqurma işlərinin aparılması, yaşıllıq zolaqlarının genişləndirilməsi, küçə və dalanlarda asfaltlanma işlərinin və müxtəlif ərazilərdə işıq nöqtələrinin yaradılmasına hazırlıq işlərinin aparılması görülən işlər çərçivəsindədir. Ötən illər ərzində 232 yaşayış binasında əsaslı təmir işləri başa çatdırılıb, bu ilin tədbirlər planına əsasən isə 60-a yaxın binada işlər davam etdirilir. Vətəndaşların məşğulluğunun təmin edilməsi və yeni iş yerlərinin açılması məsələlərinə xüsusi diqqət göstərildiyini qeyd edən şəhər rəhbəri sahibkar layihələrinin sayəsində vətəndaşların işlə təmin olunduğunu da bildirdi. Çıxış edən sakinlər həyata keçirilən quruculuq işlərinə görə ölkə prezidentinə minnətdarlıqlarını bildirdilər, qarşılaşdıqları problemlərdən danışdılar. Bəzi binalarda yeni çəkilən kanalizasiya xəttinin çəkilişi zamanı yol verilən nöqsanlardan, ağacların suvarılması sahəsindəki çətinlikdən söz açıldı. Bəzi binaların qarşısında oturacaqların və kölgəliklərin olmaması ilə yanaşı təmirə ehtiyacı olduğu diqqətə çatdırıldı. Binaların əsaslı təmiri istəyi ilə yanaşı istilik sisteminin olmaması dilə gətirildi. Sahibsiz itlərin təhlükə mənbəyi olduğu, ağacların budanmasının zəruriliyi qeyd olundu. Ərazidəki dayanacaq nöqtələrində yağışlı günlərdə narahatlıq yarandığı bildirildi. Şəhər rəhbəri İlham İsmayılov sakinlərin diqqətə çatdırdıqları problemlərin həlli ilə bağlı idarə və müəssisə rəhbərlərinin məlumatlarına aydınlıq gətirərək onlara vətəndaşların müraciətlərinə məsuliyyətlə yanaşmağı, narahatlıq yaradan problemləri qısa müddət ərzində həll etməyi tapşırdı.

Keçidlər