Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü noyabr ayının 2-də keçirildi.

03 noyabr 2023 | 14:14

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü noyabr ayının 2-də 3 nömrəli tam orta məktəbdə keçirildi. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, idarə və müəssisələrin rəhbərləri, polis şöbəsinin rəisi Ədalət Əliyev, ictimaiyyət nümayəndələri, məktəbə yaxın ərazidə yaşayan sakinlər iştirak edirdilər. Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən möhtəşəm layihələrdən bəhs etdi. Şəhərimizdə reallaşan abadlıq-quruculuq işlərindən danışaraq bildirdi ki, yenidənqurma işlərinin sahəsi daim genişlənir. Şəhərin bütün ərazisinə, küçə və məhəllələrə, parklara yeni kanalizasiya xəttinin çəkilişinin aparılması, parkların, istirahət məskənlərinin, məhəllələrin abadlaşdırılmasının sürətlənməsi, nümunəvi məhəllələrin yaradılması daim diqqət mərkəzində saxlanılır. Azərbaycan İES ərazisində yeni stansiyanın, MDU-nun yeni kampusunun, keçmiş regenerat zavodu ərazisində 3 yeni fabrikin tikintisinin aparılması işsizliyin aradan qaldırılmasına imkan yaradacaq. Aparılan bütün işlər vətəndaşların rifah halının yaxşılaşdırılmasına, məmnunluq hisslərinin artırılmasına xidmət göstərir.

Görüşdə çıxış edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirdilər. Eyni zamanda qarşılaşdıqları problemlərdən söhbət açdılar. Xüsusilə bəzi ərazilərdə yolların bərbad olması, dalanlarda işıqların olmaması, kanalizasiya xəttinin yarıtmaz fəaliyyəti haqqında danışdılar. Şəhər rəhbərliyindən onlara qayğı göstərilməsini xahiş etdilər. Oturacaqlara, kölgəliklərə ehtiyac duyulduğunu bildirdilər.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərin problemlərini diqqətlə dinlədikdən sonra izahat və tövsiyələrini bildirərək aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını verdi.

Keçidlər