Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü noyabr ayının 1-də keçirildi

04 noyabr 2024 | 11:10

Energetiklər yaşayış massivindəki 8 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri, C.Əliyev, Naxçıvan, Natavan, F.Əzimov küçələrinin sakinləri iştirak ediblər.

İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbəriyi ilə ölkəmizin bütün bölgələrində həyata keçirilən tikinti-təmir, abadlıq-quruculuq işlərinin vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini bildirdi. Qeyd olundu ki, İcra Hakimiyyətinin tədbirlər planına əsasən ilin əvvəlindən Mingəçevirdə başlanan əsaslı təmir işləri uğurla davam etdirilir. Çoxmənzilli binalar əsaslı təmir edilir, nümunəvi məhəllələr yaradılır, uşaq idman meydanları hazırlanır, Heydər Əliyev prospektindəki iki xiyabanda yenidənqurma işləri aparılır, yaşıllıq zolaqları genişləndirilir, küçə və dalanlarda asfaltlanma işlərinə və müxtəlif ərazilərdə işıq nöqtələrinin yaradılmasına hazırlıq işləri aparılır. Vətəndaşların məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması məqsədi ilə həyata keçirilən işlərdən danışan şəhər rəhbəri sahibkar layihələrinə dəstək göstərildiyni və nəticədə yeni iş yerlərinin açıldığını bildirdi.

Çıxış edən sakinlər həyata keçirilən quruculuq işlərinə görə ölkə prezidentinə minnətdarlıqlarını bildirdilər, üzləşdikləri problemlərdən danışdılar. Bəzi binalarda yeni çəkilən kanalizasiya xəttinin qoşulmaması səbəbindən çirkab suların zirzəmilərə töküldüyü qeyd olundu. Bəzi binaların qarşısında oturacaqların və kölgəliklərin olmaması, ümumi istifadə sahələrinin təmirə ehtiyacı olduğu, yağışlı günlərdə məhəllələrdə gölməçələrin yarandığı, iritonnajlı avtomobillərin yolları bərbad hala saldığı və s. kimi problemlər diqqətə çatdırıldı.

Şəhər rəhbəri İlham İsmayılov son illərdə regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevirdə həyata keçirilən yeni kanalizasiya xəttinin çəkilişi zamanı əlaqədar qurumların işdə yol verdikləri nöqsanlardan, geçikmələrdən, həmçinin asfalt örtüyünün bərbad vəziyyətdə qurulmasından danışaraq ciddi xəbərdarlıq etdi. Qaldırılan problemlərin həlli ilə bağlı məlumat verən idarə və müəssisə rəhbərlərinə vətəndaşların müraciətlərinə məsuliyyətlə yanaşmağı, narahatlıq yaradan problemləri qısa müddət ərzində həll etməyi tapşırdı.

Keçidlər