Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü may ayının 23-də keçirildi

24 may 2024 | 16:22

10 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi Ədalət Əliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, təmsilçiləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri, Ü.Hacıbəyov, İ.İslamzadə, Şəhriyar, Aşıq Qurbani küçələri ilə yanaşı şəhərin müxtəlif ərazilərindən gələn sakinlər iştirak edirdilər.

Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Prezident İlham Əliyevin tapşırığına əsasən sakinlərlə səyyar görüşlərin keçirilməsinin əhəmiyyətindən danışaraq bu görüşlərdə vətəndaşların rastlaşdıqları problemlərin vaxtında həll olunduğunu bildirdi. Şəhər rəhbəri Mingəçevirdə aparılan əsaslı təmir və quruculuq işlərinin cari il ərzində davam etdiriləcəyini bəyan etdi. May ayının 21-də Qubada keçirilən 2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumundan bəhs edən şəhər rəhbəri Mingəçevir və Namanqan şəhərlərinin qardaşlaşması barədə sazişlərin imzalandığını bildirərək şəhərimizdə keçmiş regenerat zavodu ərazisində yeni tekstil fabriklərinin inşa olunacağını və bunun mövcud işsizliyin aradan qaldırılmasına təkan verəcəyini diqqətə çatdırdı.

Görüşdə çıxış edən sakinlər şəhərimizdə həyata keçirilən əsaslı təmir, abadlıq-quruculuq işlərindən, ötən görüşlərdə qaldırılan bəzi problemlərin həll olunduğundan razılıqlarını bildirdilər, vətəndaşların rifah halının yaxşılaşdırılması üçün görülən işlərə görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə etdilər. Eyni zamanda bəzi məhəllələrdə işıqlanma lampalarının sıradan çıxdığı, sahibsiz itlərin təhlükə mənbəyi olduğu, qurumuş ağacların budanmasının vacibliyi, parkların insanlar tərəfindən çirkləndirilməsi, zirzəmilərin qapısının dağıdılması və bura zibil tökülməsi, bəzi binaların qarşısında zibil yeşiklərinin olmaması diqqətə çatdırıldı.

İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan problemlərin həllinə münasibətini bildirərək vurğuladı ki, yaşayış binalarının əsaslı təmiri, məhəllələrin abadlaşdırılması prosesi mərhələli şəkildə aparılır. Mərhələ-mərhələ şəhərimizin bütün çoxmənzilli binaları əsaslı təmir olunacağını deyən icra başçısı aparatın məsul əməkdaşlarına, idarə, müəssisə və təşkilat rəhbərlərinə qaldırılan problemlərin həlli üçün konkret tapşırıqlar verdi. Şəhər rəhbəri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması prosesində hamılıqla iştirak etməyin zəruriliyini bildirərək Qərbi Azərbaycanlıların mənafeyinin qorunması naminə dövlətimizin başçısının başladığı siyasətə dəstək durulmasının önəmindən danışdı. Bu məqsədlə sosial şəbəkələrdə yaradılan televiziya kanalına, səhifələrə abunə olunmağı hər kəsə tövsiyə etdi.

Keçidlər