Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü may ayının 22-də keçirildi

23 may 2024 | 15:30

Uşaq Gənclər İnkişaf Mərkəzinin akt zalında keçirilən görüşdə şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi Ədalət Əliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, təmsilçiləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri, M.F.Axundov, S.Vurğun, Fizuli, Ü.Hacıbəyov, Vaqif küçələrinin, həmçinin şəhərin müxtəlif ərazilərindən gələn sakinlər iştirak edirdilər.

Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Prezident İlham Əliyevin tapşırığına əsasən sakinlərlə davamlı olaraq səyyar görüşlərin keçirilməsinin əhəmiyyətindən və bu görüşlərdə vətəndaşların qarşılaşdıqları problemlərin həlli istiqamətindəki müsbət nəticələrindən danışdı. Şəhər rəhbəri qeyd etdi ki, şəhər İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planına müvafiq olaraq il ərzində şəhərin bütün ərazilərində, yaşayış massivlərində, yol və səkilərdə əsaslı təmir işləri aparılacaqdır. Nümunəvi məhəllələr yaradılmaqla, idman və əyləncə meydançaları hazırlanacaq, idman qurğuları, uşaq atraksionları quraşdırılacaq, vətəndaşların rahat istirahət etməsi üçün oturacaqlar qoyulacaq, söhbətgahlar yaradılacaq, işıqlanma nöqtələri əlavə ediləcəkdir. O cümlədən bu günə qədər 80 faizdən çox hissəsi çəkilmiş kanalizasiya sisteminin yenilənməsi işlərindən sonra asfaltlanma işləri aparılacaq, dalanların işıqlandırılması problemi aradan qaldırılacaqadır. May ayının 21-də Qubada keçirilən 2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumundan danışan şəhər rəhbəri Mingəçevir və Namanqan şəhərlərinin qardaşlaşması barədə sazişlər imzalanmasını qeyd edərək şəhərimizdə yeni tekstil fabriklərinin inşa olunacağını da bildirdi və bunun mövcud işsizliyin aradan qaldırılmasına təkan verəcəyini diqqətə çatdırdı.

Görüşdə çıxış edən sakinlər şəhərimizdə həyata keçirilən əsaslı təmir, abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək ötən görüşlərdə qaldırılan bəzi problemlərin həll olunduğundan danışdılar, vətəndaşların rifah halının yaxşılaşdırılması naminə görülən işlərə görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə etdilər. Eyni zamanda yeni kanalizasiya xəttinin çəkilişindən sonra quraşdırılma işlərinin başa çatmaması səbəbindən bəzi küçələrdə asfaltlanma işlərinin aparılmaması, binaların əsaslı təmirinin aparılmaması və qarşısının bərbad halda olduğu, oturacaqların və söhbətgahların olmaması, zirzəmilərdə su yığıntısının antisanitar vəziyyət yaratdığı, yaşayış binalarının dam örtüyündəki nasazlıq səbəbindən evlərə yağışlı günlərdə su damması, ağacların suvarılması sahəsindəki çətinlik, bloklarda pəncərə çərçivələrinin və qapıların olmaması diqqətə çatdırıldı.

İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan problemlərin həllinə münasibətini bildirərək vurğuladı ki, neçə il bundan əvvəl başlayan yaşayış binalarının əsaslı təmiri, məhəllələrin abadlaşdırılması prosesi mərhələli şəkildə aparılır. Ötən il 51 yaşayış binası əsaslı təmir olunub, cari ilə ərzində 60-a yaxın binada bu cür işlər görüləcək. Mərhələ-mərhələ şəhərimizin bütün çoxmənzilli binaları əsaslı təmir olunmaqla şəhərimizin gözəlliyinə xüsusi çalarlar qatacaqdır, deyən icra başçısı aparatın məsul əməkdaşlarına, idarə, müəssisə və təşkilat rəhbərlərinə qaldırılan problemlərin həlli üçün tapşırıqlar verdi.

Keçidlər