Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü may ayının 16-da keçirildi.

17 may 2024 | 14:15

Energetiklər yaşayış massivindəki 4 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, Milli Məclisin deputatı Aydın Mirzəzadə, polis şöbəsinin rəisi Ədalət Əliyev, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri, F.Əzimov, Y.Mənsurov, A.Şaiq, C.Əliyev, Bahar küçələri, eləcə də şəhərin müxtəlif ərazilərindən gələn sakinləri iştirak edirdilər.

Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə Prezidentinin tapşırığı ilə sakinlərlə keçirilən hər bir səyyar görüşdə vətəndaşların qaldırdıqları problemlərin həllinə nail olmaq üçün şəhərin müvafiq qurumlarının işçilərinin məsuliyyətlə çalışdıqlarını bildirdi. Şəhər rəhbəri Mingəçevirdə aparılan əsaslı təmir və quruculuq işlərinin bu il də davam etdiriləcəyindən söz açaraq qeyd etdi ki, şəhər İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planına müvafiq olaraq cari il ərzində şəhər ərazisində, sağ sahildə, energetiklər həmçinin digər yaşayış massivlərində, yol və səkilərdə əsaslı təmir işləri aparılacaqdır. Qeyd olunub ki, parklarda və istirahət məkanlarında yeniliklər ediləcək, yaşıllıq zolaqları genişlənəcək, yeni nümunəvi məhəllələr yaradılacaq, uşaq və gənclər üçün idman və əyləncə meydançaları hazırlanacaq, idman qurğuları, uşaq atraksionları quraşdırılacaq, vətəndaşların rahat istirahət etməsi üçün oturacaqlar qoyulacaq, söhbətgahlar yaradılacaq, küçələrə və dalanlara işıqlanma nöqtələri əlavə olunacaqdır. Kanalizasiya sisteminin 80 faizindən çox hissəsinin başa çatdığını qeyd edən icra başçısı bu sahədə mövcud olan problemin aradan qaldırılmasına ciddi yanaşıldığını bildirdi.

Görüşdə çıxış edən sakinlər vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi ilə görülən işlərə görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə etdilər. Şəhərimizdə, küçə və məhəllələrdə həyata keçirilən əsaslı təmir, abadlıq və quruculuq işlərinə görə razılıqlarını bildirdilər. Yaşayış massivində sakinlərin istirahəti üçün yeni park-istirahət məskəninin yaradılması təklif olundu. Yeni kanalizasiya xəttinin çəkilişindın sonra quraşdırılma işlərinin başa çatmaması səbəbindən bəzi küçələrdə asfaltlanma işlərinin aparılmaması, daşıyıcı xətdə olan problem, zirzəmilərə çirkab su yığıntısının dolması, antisanitar vəziyyət, zirzəmilərdə havalandırma sisteminin olmaması səbəbindən rütubətin yaranması, bəzi binaların qarşısında oturacaqların və söhbətgahların olmaması və yaxud azlığı, binaların qarşısında bordürlərin olmaması, bəzi binalarda yeni kanalizasiya xəttinin qoşulmaması diqqətə çatdırıldı. Evlərin sənədləşdirilməsi sahəsində mövcud olan çətinlik, işıqlanma sahəsində gərginliyin aşağı səviyyədə olması, işsizlik problemi barədə müraciətlər də oldu.

İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan problemlərin həllinə münasibətini bildirərək aparatın məsul əməkdaşlarına, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlarını verdi və tezliklə aradan qaldırılmasını tələb etdi.

Çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə səyyar görüşlərin əhəmiyyətinə toxunaraq ayda bir dəfə Mingəçevirə gələrək vətəndaşları qəbul etməklə yanaşı, belə səyyar görüşlərdə iştirak etdiyini bildirdi. Mingəçevirdə həyata keçirilən əsaslı təmir işlərini təqdir edərək ölkə Prezidentinin tapşırığı və bilavasitə rəhbərliyi ilə bölgələrdə, o cümlədən azad olunan ərazilərdə yeni və müasir infrastruktur layihələrin reallaşmasını vətəndaşlara olan diqqətin bariz nümunəsi kimi dəyərləndirdi.

Keçidlər