Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü mart ayının 14-də keçirildi.
14 mart 2023 | 13:33
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü mart ayının 14-də Mingəçevir kənd yaşayış massivində oldu. Görüşə yaşayış massivinin sakinləri ilə yanaşı şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri və təmsilçiləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri dəvət olunmuşdular. Görüşdə Milli Məclisin deputatı Aydın Mirzəzadə, şəhər polis şöbəsinin rəisi Ədalət Əliyev də iştirak edirdilər. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşü açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün regionlarında olduğu kimi, Mingəçevirdə də həyata keçirilən tikinti-quruculuq işlərinin sürətləndirildiyindən danışdı. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə azad olunan torpaqlarımızda həyata keçirilən yeni layihələr haqqında məlumat verdi. Cənab Prezidentin tapşırığına müvafiq olaraq ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Mingəçevirdə aparılan yaşıllaşdırma işlərindən, su-kanalizasiya xətlərinin nizama salınmasından, işsizliyin aradan qaldırılması üçün həyata keçirilən müvafiq tədbirlərdən bəhs etdi. Qeyd etdi ki, Azərbaycan İES-in ikinci enerji şəbəkələrinin, Mingəçevir Dövlət Universitetinin yeni inzibati binalarının tikintisində işlərin sürətləndirilməsi şəhər əhalisinin arzu və istəyinə uyğun olaraq aparılır. Bü günkü səyyar görüşün keçirilməsində əsas məqsəd bir daha sizi dinləmək, qaldırılan problem və məsələlərin həlli istiqamətində əməli tədbirlər görməkdir. Zalda qoyulmuş sərbəst mikrafondan istifadə edərək özünüzü təqdim etməklə təkliflərinizi bildirməyi xahiş edirəm. Mingəçevir kənd yaşayış massivi sakinlərindən İdris Fərruxov, Xumarə Abdullayeva, Anar Xasməmmədov, Zöhrə Mustafayeva, Qumru Rəcəbova, Nəzir Mirzəyev, Zamir Yunisov, Şahmalı Mustafayev, Nigar Mustafayeva, Sədaqət Mustafayeva, İmran Yolçuyev, Elxan Şərifov, Etibar Əhmədov, Taleh Süleymanzadə və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri, möhtərəm Prezidentimiz İlham Əliyevə, şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirdilər. Eyni zamanda qarşılaşdıqları çətinlikləri dilə gətirdilər. Xüsusilə qeyd olundu ki, Mingəçevir kənd yaşayış massivində insanların arzu və istəyinə uyğun olaraq icra olunan kanalizasiya sisteminin qurulması insanların ən böyük tələbatıdır. Lakin bu sistemin ardıcıl yerinə yetirilməsində bir sıra problemlər üzə çıxır. Çox istərdik ki, “Azərsu” rəhbərliyi və Sukanal idarəsi işlərin gedişinə ciddi nəzarət etsinlər. O cümlədən kənd yaşayış massivində işıq xətlərinin və dirəklərinin quraşdırlımasında nöqsanlar vardır. Bəzi küçələr qaranlıqda qalır, işıqlanma zəif olur. Burada uşaq bağçasının əsaslı təmirinə böyük ehtiyac var. Bir sözlə, bu bağça tamamilə yenidən qurulmalıdır. Sakinlər işsizliyin aradan qaldırlıması barədə də fikirlərini bildirdilər. Qaldırılan bütün məsələlər ətrafında fikirlərini sakinlərə çatdıran icra başçısı qeyd etdi ki, şəhərdə aparılan abadlıq-quruculuq işləri timsalında bütün bu çatışmazlıqlara son qoyulacaq və onlar mərhələ-mərhələ öz həllini tapacaqdır. Bu məqsədlə görüşdə iştirak edən İcra Hakimiyyətinin məsul əməkdaşlarına, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlarını verdi.