Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü iyun ayının 24-də keçirildi
24 iyun 2024 | 11:57
N.Nərimanov küçəsindəki 30 saylı binanın qarşısında keçirilən görüşdə N.Nərimanov, Ə.Vahid, Nizami küçələrindəki yaşayış binalarının sakinləri, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi Ədalət Əliyev, Mingəçevir Bələdiyəsinin sədri Ramiz Əliyev və üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və təmsilçiləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak edirdilər.
Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionlarda aparılan tikinti quruculuq işlərindən bəhs edərək bildirdi ki, Mingəçevirdə abadlıq-quruculuq işləri yüksək səviyyədə davam etdirilir. İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq küçə və məhəllələrdə əsaslı təmir işləri davam etdirilir. Şəhər rəhbəri qeyd etdi ki, davamlı olaraq keçirilən görüşlərin məqsədi vətəndaşları narahat edən problemləri öyrənmək və həllinə nail olmaqdır.
Çıxış edən sakinlər həyata keçirilən quruculuq işlərinə görə ölkə prezidentinə minnətdarlıq etdilər. Problemlərdən söz açılaraq qeyd olundu ki, bəzi binalarda zirzəmilərin su ilə dolması nəticəsində yaranan antisanitar vəziyyət, kanalizasiya xəttinin çəkilişi zamanı yaranan nöqsanlar, yağışlı günlərdə dam örtüyü zədəli olan binalardan yağış sularının evlərə damması, xeyir-şər mağarının təmiri, sayğacların qoyulması, bəzi ərazilərdə oturacaqların olmaması,ağacların budanması və s. kimi problemlər barədə müraciətlər olundu.
Sakinlərin qeyd etdiyi problemlərə münasibətini bildirən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov aparatın məsul əməkdaşlarına, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verdi. Sakinləri narahat edən problemlərin həllinin nəzarətə götürülməklə tezliklə müsbət nəticələrin əldə olunacağını bildirdi.