Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü fevral ayının 9-da keçirildi

12 fevral 2024 | 11:56

1 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə icra aparatının məsul işçiləri, əraziyə yaxın olan N.Nərimanov, H.Əliyev və şəhərin başqa küçələrindəki yaşayış binalarının sakinləri, Mingəçevir Bələdiyyəsinin sədri, idarə, təşkilat və müəssisə rəhbərləri iştirak ediblər.

Görüşü İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq fevral ayının 7-də ölkəmizin ərazi bütövlüyü tam təmin olunduqdan sonra ilk dəfə keçirilən növbədənkənar Prezident seçkilərinin uğurla başa çatdığını, işğaldan azad olunmuş ərazilərimizdə də seçki prosesinin təşkil olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, ölkəmizin hər yerində olduğu kimi Mingəçevir şəhərində də sakinlərimiz seçkilərdə fəal iştirak ediblər. İlkin məlumata görə dövlətimizin böyük Zəfər qazanmasının qarantı olan cənab İlham Əliyev 92,12 faiz səs toplayaraq qalib olub. Bu hər birimizin fərəh hissini artırır və fəaliyyətimizdə ruh yüksəkliyi yaradır. Böyük uğur münasibəti ilə bütün mingəçevirliləri təbrik edirəm. Bildiyiniz kimi, ölkəmizin hər bir bölgəsində, o cümlədən şəhərimizdə həyata keçirilən abadlıq-quruculuq işləri uğurla davam edir. İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Mingəçevirin küçə və məhəllələrində, parklarda, istirahət məskənlərində davamlı olaraq abadlıq işləri aparılır. Qarşımızda mürəkkəb vəzifələr durur, sizlərlə birlikdə bu vəzifələri yerinə yetirməyə çalışacağıq.

Görüşdə iştirak edən sakinlər çıxış edərək şəhərimizdə həyata keçirilən abadlıq-quruculuq işlərinə və yaradılan gözəlliklərə görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə etdilər. Qarşılaşdıqları problemlərdən söz açdılar. Qeyd olundu ki, bəzi binaların zirzəmiləri bərbad vəziyyətdədir, sahibsiz itlər çoxluq təşkil edir, təmir olunmasına baxmayaraq binalarn bəzilərinin üst mərtəbəsindən damır, ətrafda olan qazanxanalar və istifadəyə yararsız uşaq bağçaları bərbad vəziyyətə salınıb və s.

Şəhər rəhbəri İlham İsmayılov sakinləri narahat edən problemlərin həll olunmasının vacibliyini bildirərək idarə, təşkilat və müəssisə rəhbərlərinə, aparatın məsul işçilərinə tapşırıqlarını verdi.

Keçidlər