Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü fevral ayının 23-də keçirildi.

26 fevral 2024 | 17:19

11 nömrəli tam orta məktəbin akt zalında təşkil olunan görüşdə İcra aparatının məsul işçiləri, əraziyə yaxın olan Təbriz, Məhsəti, Y.Muradov, Z.Həsənova və digər küçələrdəki yaşayış binalarının sakinləri, polis şöbəsinin rəisi Ədalət Əliyev, Mingəçevir Bələdiyyəsinin sədri, idarə, təşkilat və müəssisə rəhbərləri, mətbuat işçiləri iştirak ediblər.

Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin regionlara göstərdiyi diqqət və qayğıdan, ölkəmizin hər bir bölgəsində olduğu kimi şəhərimizdə də həyata keçirilən abadlıq-quruculuq işlərinin sahəsinin genişləndiyindən danışdı. Bildirdi ki, İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Mingəçevirin küçə və məhəllələrində, parklarda, istirahət məskənlərində ardıcıl olaraq abadlıq işləri aparılır və bu işlər il ərzində də davam etdiriləcəkdir. Yeni nümunəvi məhəllələr yaradılacaq, bəzi küçə və dalanlarda işıqlanma nöqtələri yaradılacaq, kanalizasiya sisteminin çəkilişi davam etdiriləcək, yolların asfaltlanması işləri görüləcək, yaşıllıq zolaqları genişləndiriləcək. Hər həftə sakinlərlə keçirdiyimiz səyyar görüşlərin əsas məqsədi sizləri narahat edən problemləri öyrənmək və həllinə nail olmaqdır ki, bu da mövcud nöqsanların vaxtında aradan qaldırılmsına imkan yaradır.

Görüşdə iştirak edən sakinlərin bir qismi inşa olunan yeni binada mənzil ilə təmin olunmaları üçün razılıqlarını ifadə etməklə şəhərimizdə aparılan geniş abadlıq-quruculuq işlərinə görə ölkə prezidentinə minnətdarlıq etdilər. Onlar qarşılaşdıqları problemlərdən söz açdılar, sahibsiz itlərin təhlükə mənbəyi olduğu diqqətə çatdırıldı. Bəzi ağacların işıqlanma dirəyinin qarşısını kəsdiyi səbəbindən budanmasının vacibliyi, bəzi binaların əsaslı təmirə ehtiyacı olduğu və bloklarında giriş qapısının olmaması, eyni zamanda dam örtüyündəki nasazlıqlar səbəbindən yağışlı günlərdə su axıntısının yaranması, yaşıllıq zolaqlarının suvarılması sahəsindəki problemlər, yeni çəkilən kanalizasiya sisteminin qoşulması prosesindəki nasazlıqlar, zirzəmilərdəki antisanitar vəziyyət, xeyir-şər mağarında kommunal sahədə qarşıya çıxan narahatlıq, binanın giriş blokunun üstündəki panelin dağılması təhlükəsi, işsizlik barədə müraciətlər oldu.

Şəhər rəhbəri İlham İsmayılov sakinləri narahat edən problemlərin həll olunması üçün idarə, təşkilat və müəssisə rəhbərlərinə, aparatın məsul işçilərinə tapşırıqlarını verdi. Qeyd etdi ki, mingəçevirlilər üçün başlıca problem olan işsizliyin aradan qaldırılması diqqət mərkəzindədir. Ötən ilin fevral ayında şəxsən dövlət başçımızın iştirakı ilə Azərbaycan İES-də təməli qoyulan yeni stansiyanın tikintisi davam etdirilir. Stansiya istifadəyə verildikdən sonra 220 nəfər üçün yeni iş yeri yaradılacaq, eyni zamanda stansiyanın quraşdırılması işlərində də yüzlərlə işçi çalışacaq. Keçmiş regenerat zavodunun ərazisində yeni fabrikin tikintisi aparılır. Cənab Prezidentimiz yeni iş yerlərinin yaradılmasına xüsusi diqqətlə yanaşır, çünki vətəndaşların rifah halının, yaşayış səviyyəsinin yaxşılaşdırılması Dövlət Proqramının başlıca məsələlərindəndir.

Keçidlər