Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü fevral ayının 2-də keçirildi
05 fevral 2024 | 14:13
Mingəçevir Bələdiyyəsinin akt zalında keçirilən görüşdə İcra aparatının məsul işçiləri, əraziyə yaxın olan S.Vurğun, H.Əliyev, M.F.Axundov və digər küçələrdəki yaşayış binalarının sakinləri, polis şöbəsinin rəisi Ədalət Əliyev, Mingəçevir Bələdiyyəsinin sədri, idarə, təşkilat və müəssisə rəhbərləri iştirak ediblər.
Görüşü İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı və “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”çərçivəsində ölkəmizin hər bir bölgəsində, o cümlədən şəhərimizdə həyata keçirilən abadlıq-quruculuq işlərindən danışdı. Qeyd etdi ki, Mingəçevirin küçə və məhəllələrində, parklarda, istirahət məskənlərində ardıcıl olaraq abadlıq işləri aparılır. İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq cari il ərzində 6 nümunəvi məhəllə yaradılacaq, 55 küçədə işıqlandırma işləri bərpa olunacaq. O cümlədən kanalizasiya sisteminin çəkilişi davam etdiriləcək, yolların asfaltlanması işləri görüləcək, yaşıllıq zolaqları genişləndiriləcək. Bü günədək şəhərdə aparılan kanalizasiya çəkilişi 84 faiz yerinə yetirilmişdir. Ötən illər ərzində onlarla yaşayış binasında əsaslı təmir aparılıb, yollar asfaltlanıb, işıqlanma nöqtəsi çəkilib. Bu bizə imkan verir ki, cari ildə də bu qəbildən olan işləri uğurla davam etdirək. Vətəndaşların həyat səviyyəsinin yaxşılaşması, işsizliyin aradan qaldırılması xüsusilə diqqət mərkəzindədir.
Görüşdə iştirak edən sakinlər çıxış edərək şəhərimizdə həyata keçirilən abadlıq-quruculuq işlərinə və yaradılan gözəlliklərə görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə etdilər. Qarşılaşdıqları problemlərdən söz açdılar. Yaşadıqları binaların zirzəmilərində antisanitar vəziyyətin olmasını, bəzi yolların bərbad hala düşməsini, piyada keçidlərinin qaydaya salınmasına ehtiyac duyulduğunu, yağışlı günlərdə bəzi binaların dam örtüyündən yağış sularının dammasını diqqətə çatdırdılar. Ərazilərdə oturacaqların və kölgəliklərin azlığını qeyd edən sakinlər onların aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etdilər.
Şəhər rəhbəri İlham İsmayılov sakinləri narahat edən problemlərin həll olunması üçün idarə, təşkilat və müəssisə rəhbərlərinə, aparatın məsul işçilərinə tapşırıqlarını verdi.