Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü fevral ayının 15-də keçirildi

19 fevral 2024 | 15:56

Texniki humanitar liseyin akt zalında keçirilən görüşdə polis şöbəsinin rəisi Ədalət Əliyev, İcra aparatının məsul işçiləri, əraziyə yaxın olan İ.İslamzadə, R.Rza, M.Maqomayev, Ü.Hacıbəyov küçələrinin, eləcə də digər küçələrdən gələn sakinlər, Mingəçevir Bələdiyyəsinin sədri, idarə, təşkilat və müəssisə rəhbərləri iştirak ediblər.

Görüşü İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq fevral ayının 7-də ölkəmizin ərazi bütövlüyü tam təmin olunduqdan sonra Azərbaycanın hər bir bölgəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərimizdə də keçirilən növbədənkənar Prezident seçkilərinin uğurla başa çatdığını diqqətə çatdırdı. Bildirdi ki, Mingəçevir şəhərinin sakinləri də seçkilərdə fəal iştirak ediblər. Azərbaycanın böyük Zəfər qazanmasının qarantı olan cənab İlham Əliyevin 92,12 faiz səs toplayaraq qalib gəlməsi hər birimizin fərəh hissini artırır və fəaliyyətimizdə ruh yüksəkliyi yaradır. Fevral ayının 14-də cənab prezidentin andiçmə mərasimində yenidən xalqın etimadını qazanan dövlətimizin başçısı öz platformasını təqdim etdi. Ötən 20 il ərzində Azərbaycanın inkişaf tarixinin yeni mərhələsini yaradan, dövlətimizi dünyada tanıdan, ən böyük dövlətlərlə əməkdaşlığın yaranmasına nail olan, iqtisadi-siyasi münasibətlərin gücləndirilməsini təmin edən cənab Prezidentimiz təbii ki, yenə də qalib dövlətimizi uğurlara doğru aparacaq və bizlər də öz xidmətimizlə töhfələrimizi verməyə çalışacağıq. Bu yolda gəlin hamılıqla cənab prezidentimizi təbrik etməklə ona fəaliyyətində uğurlar arzulayaq. Ölkəmizin bütün bölgələrində, o cümlədən şəhərimizdə dövlət başçısının tapşırığı ilə həyata keçirilən abadlıq-quruculuq işləri uğurla davam edir. İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Mingəçevirin küçələrində, məhəllələrində, parklarda, istirahət məskənlərində ardıcıl olaraq abadlıq işləri aparılır, yaşıllıq zolaqları genişləndirilir. Qarşıya çıxan problem və çətinliklərin həlli də diqqət mərkəzinə çəkilir.

Görüşdə iştirak edən sakinlər çıxış edərək şəhərimizdə həyata keçirilən abadlıq-quruculuq işlərinə, vətəndaşlar üçün yaradılan şəraitə görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə etdilər. Mövcud problemlərdən söz açdılar. Qeyd olundu ki, kanalizasiya sistemi yaxşı işləmir, bəzi binaların zirzəmiləri bərbad vəziyyətdədir, sahibsiz itlər çoxluq təşkil edir, Rəsulzadə küçəsindəki yataqxanada əsaslı təmir işləri aparılmalıdır, eləcə də rabitə və internet xətlərinin çəkiliş zamanı qazılmış sahələrin təmiri gecikdirilməməlidir.

Şəhər rəhbəri İlham İsmayılov sakinləri narahat edən bütün problemlərin həll olunmasının vacibliyini diqqətə çatdıraraq idarə, müəssisə və təşkilat rəhbərlərinə, aparatın məsul işçilərinə tapşırıqlarını verdi.

Keçidlər