Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü dekabr ayının 12-də 1 nömrəli tam orta məktıbin akt zalında keçirilib
12 dekabr 2024 | 12:43
Görüşdə H.Əliyev, N.Nərimanov, Nəsimi, A.Məmmədov, Ş.İ.Xətai küçələrindəki yaşayış binalarının sakinləri, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və təmsilçiləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak ediblər. Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 12 dekabr tarixinin Azərbaycan xalqı üçün Xatirə Günü, Ulu Öndər Heydər Əliyevin Anım Günü olduğunu deyərək, xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Sonra ilin əvvəlindən şəhərimizdə başlanan abadlıq-quruculuq və tikinti işlərinin davam etdirildiyini bildirib. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkəmizin hər bir bölgəsində reallaşan quruculuq işlərinin vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi daşıdığını qeyd edib. Qeyd olunub ki, Mingəçevir gözəlləşir, yaşayış binaları əsaslı təmir olunur, nümunəvi məhəllələr yaradılır, işıq nöqtələr artırılır, asfaltlanma işləri davam etdirilir, kanalizasiya sisteminin yenidən qurulmasının böyük hissəsi yekunlaşıb. Və bu işlər davam etməkdədir. Əhalinin məşğulluğunun təmin edilmısi məsələsinə diqqət göstərildiyini vurğulayan icra başçısı tikintisinin böyük hissəsi başa çatan Azərbaycan İES-də yeni stansiyada onlarla vətəndaşın işlə təmin olunacağını deyib. MDU-nun yeni Kampusunun inşası davam edir, sahibkar layihələri reallaşır. Sizləri dinləməklə, cənab Prezidentimizin tapşırığı ilə keçirdiyimiz görüşlər sayəsində diqqətə çatdırdığınız istək və arzularınız, bir çox problemlər həllini tapır. Çıxış edən sakinlər Mingəçevirdə həyata keçirilən təmir-bərpa-quruculuq işlərinə görə ölkə prezidentinə minnətdarlıqlarını bildiriblər. Binaların qarşısında onların mənalı istirahəti üçün oturacaqların və kölgəliklərin qoyulmasına görə razılıqlarını ifadə edərək, qarşılaşdıqları problemlərdən danışıblar. Keçmiş toxuculuq kombinatına məxsus olan uşaq bağçası ərazisinin antisanitar halda olması diqqətə çatdırılıb. Kanalizasiya çəkilişindən sonra asfaltlanma sahəsində nöqsan, sahibsiz itlərin təhlükə yaratması, zibil qabları olan ərazilərin bərbad halda olması, ağacların budanmasının vacibliyi, yaxınlıqdakı qazanxana ərazisində antisanitar vəziyyət diqqətə çatdırılıb. Məktəbin qarşısında işıqlanma dirəklərinin olmaması, ətrafdakı kol-kosların xoşagəlməz hal yaratması, bəzi binalarda dam örtüyündən yağışlı günlərdə evlərə yağış sularının tökülməsi, ağacların suvarılmaması, bəzi binaların zirzəmilərində havalandırma xəttinin olmaması, işsizlik barədə müraciətlər olunub. Əlaqədar müəssisələrin rəhbərləri müraciətlərə aydınlıq gətirərək, tez bir vaxtda həllinə başlanacağını bildiriblər. Şəhər rəhbəri İlham İsmayılov sakinlərin diqqətə çatdırdıqları problemlərin həlli ilə bağlı münasibətini bildirib, bəzi müəssisələrin rəhbərlərinə iradlarını söyləyərək tapşırıqlarını verib. Qeyd edib ki, şəhərimizin iqtisadi inkişaf Proqramı qarşıdan gələn ildə də davam etdiriləcək. Əsas məqsədimiz odur ki, bütün yaşayış binaları əsaslı təmir edilsin, sakinlərin istirahəti üçün şərait yaradılsın, uşaq və gənclər üçün idman meydanları hazırlansın və bütün bu işlərin görülməsi şəhərimizin xidmət müəssisələrinin üzərinə düşür. Sizlərin qaldırdığınız problemlərin həlli ilə bağlı ərazilərə müvafiq qurumların rəhbərləri baxış keçirəcək, qısa zaman ərzində həllinə nail olunacaqdır.