Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü aprel ayının 6-da keçirildi.
06 aprel 2023 | 16:37
Aprel ayının 6-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri ictimaiyyət nümayəndələri, mətbuat işçiləri ilə birgə növbəti səyyar görüş keçirib. Mingəçevir Gənclər Evində keçirilən səyyar qəbulda H.Əliyev, Nizami, S.A.Puşkin, Ərəş küçələri və “Gülşən” bağ massivinin sakinlərindən 50 nəfər iştirak edirdi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çox mühüm layihələr həyata keçirilir. Cənab Prezidentin tapşırığına müvafiq olaraq xüsusilə Qarabağ və Zəngəzur iqtisadi zonalarında keçmiş məcburi köçkünlərin yenidən ata-baba yurdlarına qayıtmaları üçün əməli işlər görülür. Sevindirici haldır ki, artıq Laçın rayonunda bu qəbildən olan işlər başa çatmaq üzrədir. Yaxın vaxtlarda laçınlıların öz yurdlarına qayıtmaları həyata keçiriləcək. Bununla yanaşı, cənab Prezidentin tapşırığına müvafiq olaraq Mingəçevir şəhərində də böyük quruculuq işləri yerinə yetirilir. Şəhərimizdə sakinlərin arzu və istəyinə uyğun olaraq park və xiyabanlar yenilənir, yeni-yeni nümunəvi məhəllələr yaradılır, istirahət güşələri salınır. Artıq 73-cü məhəllədə bu layihə əsasında həyata keçirilən işlər başa çatmaq üzrədir. Hazırda H.Əliyev prospekti ilə Nəsimi küçəsinin kəsişdiyi ərazidə Mingəçevir Dövlət Universitetinin yeni Kampusunun tikintisi yaxınlığında istirahət məskəninin salınması üzərində ciddi iş aparılır. Mingəçevirdə Azərbaycan İstilik Elektrik Stansiyasının ərazisində yeni stansiyanın tikintisinin, eləcə də keçmiş regenerat zavodunun ərazisində yeni layihə əsasında işlərə başlanması, Mingəçevir Dövlət Universitetinin yeni Kampusunun tikintisinin aparılması şəhərimizdə işsizliyin aradan qaldırılmasına əməli təkandır. Hesab edirəm ki, bu istiqamətdə əlavə işlərin həyata keçirilməsi davam etdiriləcəkdir. Bir sözlə, Mingəçevir öz inkişafını davam etdirməklə həyat səviyyəmizin yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir. Qəbul zamanı 6 sakinin problem və təkliflərini dinləyən şəhər rəhbəri mövcud problemlərin həlli, kanalizasiya sisteminin bərpası, bəzi binalarda yağış suyunun mənzillərə axması, sahibsiz itlərin çoxalması, bəzi ərazilərdə zibil tullantılarının artması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıqlarını verdi.