Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü 19 avqust 2022-ci tarixində oldu
22 avqust 2022 | 14:41
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü avqustun 19-da Ş.İ.Xətai küçəsindəki 7, 9 nömrəli yaşayış binalarının qarşısındakı ərazidə keçirildi. Bina sakinlərinin eləcə də şəhərin digər yaşayış massivlərində məskunlaşan sakinlərin görüşə marağı böyük olduğundan ərazidə geniş hazırlıq işləri görülmüşdü. Sakinlərin rahatlığı üçün stullar, oruracaqlar əraziyə səliqə ilə düzülmüşdü. Bəri başdan qeyd edək ki, görüşün keçirildiyi ərazidə- yəni 127-ci məhəllədə şəhər İcra Hakimiyyətinin tədbirləır planına müvafiq olaraq abadlıq-quruculuq işləri aparılmış, küçə və meydanları qaydaya salınmış, asfalt örtüyü döşənmiş, ağaclar budanaraq suvarılmış, əraziyə oturacaqlar qoyulmuşdur. Uşaqların əyləncəsi üçün idman qurğuları quraşdırılmış, stadion təmizlənərək istifadəyə verilmişdir. Demək olar ki, məhəllədə qarşıya çıxan əsas problemlər öz həllini tapmışdır. Lakin bütün bunlara baxmayaraq sakinləri narahat edən şəxsi və ictimai problemlər də az deyildir. Elə buna görə də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov burada sakinlərlə görüşmək, onların arzu və istəyini dinləmək qərarına gəlmişdi. İ.İsmayılov sakinləri salamladıqdan sonra onlarla keçirilən belə görüşlərin ölkə rəhbəri cənab İlham Əliyevin tapşırığına müvafiq keçirildiyini xatırladaraq ölkədə və şəhərimizdə həyata keçirilən əməli tədbirlər haqqında qısa məlumat verdi. Bildirdi ki, uzun illər düşmən əsarətində qalan Qarabağımız azadlığa qovuşduqdan sonra burada aparıılan abadlıq-quruculuq işlərinin nəticəsidir ki, artıq keçmiş məcburi köçkünlər öz ata-baba yurdalarına qayıdırlar. Qarabağda başdan-başa yenidənqurma işləri nümunəvi şəkildə həyata keçirilir. Elə doğma Mingəçevirimizdə də bu işlərə böyük diqqət yetirilir. Hazırda şəhərin A.Məmmədov küçəsində kanalizasiya sisteminin qurulması işləri yekunlaşdığından bu qəbildən olan işlər N.Nərimanov küçəsində həyata keçirilir. İnsanları narahat edən bu məsələlər yaxın vaxtlarda öz həllini tamamilə tapacaqdır. Biz şəhərdə digər abadlıq işlərinə də start vermişik. Yeni istirahət məskənlərinin salınması qarşımızda duran əsas vəzifələrdən biridir. Bu işləri sizin arzu və istəklərinizə uyğun olaraq həyata keçirməyə çalışırıq. Sonra sakinlər onların ixtiyarına verilmiş sərbəst mikrafondan istifadə edərək öz fikirlərini söylədilər. İlk olaraq mikrafona yaxnlaşan Ş.İ.Xətai küçəsindəki 9 nömrəli yaşayış binasının sakini Maksim Mövlayev şəhərdə görülən abadlıq, təmizlik işlərindən razılığını bildirdi. Belə səyyar görüşlərin tez-tez keçirilməsinə ehtiyac duyulduğunu diqqətə çatdırdı. Qeyd etdi ki: “ Ş.İ.Xətai küçəsi 9 nömrəli binanın dəhlizlərinin, ümumiyyətlə binanın özünün əsaslı təmirə ehtiyacı var. Burada elektrik xətlərinin kor-koranə quraşdırılması təhlükə mənbəyinə çevrilib. Məhəlləmizin yaxınlığında yerləşən 14 nömrəli uşaq bağçasının ərazisində qurumuş çoxsaylı ağacların kəsilməməsi böyük problemlər yaradır. Bu ağaclar hər an təhlükə törədə bilər. Məhəlləmizdəki poçt binasının yanında maşın yuyulma obyektinin fəaliyyəti isə küçədən keçənlərin hamısına pis təsir göstərir. Bir növ bu bizim yaşayış tərzimizə uyğun deyil. Çox xahiş edirik ki, bu məsələlərə diqqət yetirəsiniz.” Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan məsələləri diqqətlə dinlədikdən sonra görüşdə iştirak edən müvafiq idarə, müəssisə, təşkilat rəhbərlərinə konkret göstərişlər verdi. Qeyd etdi ki, bu il Mingəçevirdə 51 binanın fasadı, dəhlizləri əsaslı təmirdən çıxarılmalıdır. Və bu istiqamətdə artıq işlər görülür. Görüşdə iştirak edən sakinlərdən Rəna İbrahimova, Rasim Namazov, Elxan Kərimov, Qiyas Mustafayev, Əhmədiyyə Əhmədov, Elsevər Musayev, Yaşar Həsənov, Əbülfət Dilbazi, Ənvər Nəsibov, Şəfaqət Quliyeva, Behbud Əliyev, Vahid Musayev, Fərid Məhərrəmov, Rəxşəndə Məmmədova, Nəzakət Əliyeva, Hafiz Quliyev, Nəcməddin Əhmədov və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya, bu günkü səmimi görüşə görə ölkə rəhbəri İlham Əliyevə və şəhər icra hakimiyyətinə dərin minnətdarlıqlarını bildirdilər, onları narahat edən məsələlər ətrafında fikirlərini bölüşdülər. Əsas diqqət məhəllələrdə işıqlanmanın olmamasına, işsizliyə, mənzil təminatına ehtiyac duyulmasına, binaların zirzəmilərində bərbad vəziyyətin və antisanitariaynın olmasına yönəldildi. Bütün bu deyilənləri diqqətlə dinləyən şəhər rəhbəri aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıq və göstərişlərini verdi. Sakinləri əmin etdi ki, qaldırılan məsələlər yerindəcə aparaşdırılaraq öz həllini tapacaq.