Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə 2025-ci ildə ilk səyyar görüşü yanvar ayının 9-da 13 nömrəli tam orta məktəbin akt zalında keçirilib
10 yanvar 2025 | 15:17
Görüşdə məktəbə yaxın olan Puşkin, H.Əliyev, Ərəş, 20 Yanvar küçələrindən və şəhərin müxtəlif ərazilərindən gələn sakinlər, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər. Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə vətəndaşlarla keçirilən səyyar görüşlərin əhəmiyyətindən danışıb. Qeyd edib, ki, ötən il şəhərimiz üçün uğurlu olub, bir çox layihələr yüksək keyfiyyətlə yekunlaşıb. Bu il də Mingəçevirdə abadlıq-quruculuq işləri yeni əraziləri əhatə edəcək. Cari il üçün yeni tədbirlər planı tərtib olunacaq, şəhərimizin müxtəlif ərazilərində əsaslı təmir işləri reallaşacaqdır. Şəhərimizin gözəlləşməsi, sakinlərin rifah halının yaxşılaşdırılması məqsədi ilə bir çox küçə və məhəllələrdə, istirahət məskənlərində abadlıq işləri aparılacaqdır. Binaların əsaslı təmiri, asfaltlanma, işıqlanma sisteminin yenidən qurulması və bu kimi digər işlər görüləcəkdir. Çıxış edən sakinlər həyata keçirilən quruculuq işlərinə görə ölkə prezidentinə minnətdarlıqlarını bildirərək, qarşılaşdıqları problemlərdən danışıblar. Kanalizasiya sistemində mövcud problem səbəbindən zirzəmiyə çirkab suyun tökülməsi, binaların qarşısında oturacaq və kölgəliyin olmaması, ağacların budanmasının vacibliyi diqqətə çatdırılıb. Yaşıllıqların suvarılması üçün su xəttinin çəkilməsindən, bəzi binaların əsaslı təmirə ehtiyacı olduğundan, tüstü bacalarının təmizlənməsi sahəsindəki nöqsanlardan bəhs olunub, uşaqlar üçün idman meydanlarının yaradılması istəyi dilə gətirilib. Şəhər rəhbəri İlham İsmayılov sakinlərin qaldırdıqları problemlərin həllinə aydınlıq gətirən müəssisə rəhbərlərinə tapşırıqlarını verib. Bildirib ki, əsas məqsədimiz Mingəçeviri yeni və müasir formada abadlaşdıraq, küçə və məhəllələrdə göz oxşayan şərait yaradaq.