Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü yanvar ayının 24-də energetiklər yaşayış massivində keçirildi.

25 yanvar 2024 | 12:24

Azərbaycan Bayrağı ordenli şəhid Azər Niftəliyev adına Mədəniyyət mərkəzində keçirilən görüşdə İcra aparatının məsul işçiləri, əraziyə yaxın olan küçələrdəki yaşayış binalarının sakinləri, Milli Məclisin deputatı Aydın Mirzəzadə, polis şöbəsinin rəisi Ədalət Əliyev, Mingəçevir Bələdiyyəsinin sədri iştirak ediblər.

Görüşü İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və şəhərimizdə aparılan abadlıq-quruculuq işlərindən danışaraq qeyd etdi ki, şəhərimizin hər bir ərazisində, küçə və məhəllələrdə, parklarda, istirahət məskənlərində davamlı olaraq abadlıq işləri aparılır. İcra başçısı şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq cari ildə 6 nümunəvi məhəllənin yaradılacağını, eyni zamanda 55 küçədə işıqlandırma işlərinin bərpa olunacağını nəzərə çatdırdı. Vətəndaşların həyat səviyyəsinin yaxşılaşması, işsizliyin aradan qaldırılması üçün bir sıra tədbirlər həyata keçirilir. Azərbaycan İES-də yeni stansiyanın, MDU-nun yeni kampusunun və keçmiş regenerat zavodunun ərazisində fabriklərin tikintisinin aparılması, o cümlədən sahibkarlarla işin əsaslı surətdə yenilənməsi buna əyani misaldır.

Görüşdə iştirak edən sakinlər çıxış edərək şəhərimizdə həyata keçirilən abadlıq-quruculuq işlərinə və vətəndaşlar üçün gözəl şəraitin yaradılmasına görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə etdilər. Qarşılaşdıqları problemlərdən söz açdılar. Binaların zirzəmilərinin antisanitar vəziyyətdə olması, binaların qarşısında kanalizasiya xətlərinin çəkilişinin tam başa çatmamasını, bəzi yerlərdə yolların asfaltlanmamasını, dalanlarda işıqlanma sisteminin olmamasını, işsizlik və digər problemlər dilə gətirildi.

Görüşdə Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək Mingəçevirin gözəlləşməsini xüsusilə vurğuladı, şəhərdə aparılan işlərdən razılığını bildirdi, səyyar görüşlərin əhəmiyyətini qeyd etdi və vətəndaşları fevral ayının 7-də keçiriləcək Prezident seçkilərdə fəal iştirak etməyə dəvət etdi.

İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərin narahatlığına səbəb olan bütün problemlərin həll edilməsi üçün idarə, təşkilat və müəssisə rəhbərlərinə, aparatın məsul əməkdaşlarına tapşırıqlarını verdi.

Keçidlər