Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü yanvar ayının 19-da keçirildi.

22 yanvar 2024 | 16:39

Ü.Hacıbəyov adına 11 illik musiqi məktəbində təşkil olunan görüşdə İcra aparatının məsul işçiləri, əraziyə yaxın olan küçələrdəki yaşayış binalarının sakinləri, polis şöbəsinin rəisi Ədalət Əliyev, Mingəçevir Bələdiyyəsinin sədri və üzvləri iştirak ediblər.

Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün bölgələrində, o cümlədən şəhərimizdə uzun illərdir həyata keçirilən abadlıq-quruculuq işlərindən danışdı. Şəhərimizin bütün küçə və məhəllələrində, park və istirahət məskənlərində mərhələli şəkildə aparılan abadlıq işlərindən bəhs edən icra başçısı qeyd etdi ki, şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq bu il 6 məhəllənin abadlaşdırılması, 55 küçədə işıqlandırma sisteminin bərpa olunması nəzərdə tutulur. İşsizliyin aradan qaldırılması, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün bir sıra tədbirlərin reallaşması da nəzərdə tutulur. İcra başçısı keçirilən səyyar görüşlərin şəhərimizin abadlaşdırlmasına və mövcud problemlərin aradan qaldırılmasına kömək olduğunu vurğuladı.

Görüşdə iştirak edənlər çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər. Problemlərdən söz açıldı. Kanalizasiya sisteminin müasir formada çəkilməsindən razılıq ifadə olunmaqla yanaşı yaranan nöqsanlar da qeyd olundu. Yaşayış binalarının təmiri, yolların asfalt örtüyündəki problemlər, bəzi binaların zirzəmilərinin su ilə dolu olmasının antisanitar vəziyyət yaratması, oturacaqların qoyulması və digər problemlər diqqətə çatdırıldı.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərin narahatlığına səbəb olan problemlərin vaxtında həll edilməsi üçün idarə, təşkilat və müəssisə rəhbərlərinə, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşlarına tapşırıqlarını verərək şəhərimizin gözəlləşməsi və vətəndaşların rifah halının yaxşılaşdırılması üçün bütün qurumların kollektivlərinin məsuliyyət hissinin artırılmasının vacibliyini vurğuladı.

Keçidlər