Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü oktyabr ayının 25-də keçirildi.
26 oktyabr 2023 | 16:17
10 nömrəli orta məktəbdə keçirilən görüşdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri və sakinlər iştirak edirdi. Qeyd etmək istəyirik ki, səyyar görüşün keçirildiyi ərazidə, İ.İslamzadə, N.Rəfibəyli, M.Füzuli küçələrində şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə görülən abadlıq-quruculuq işlərinin böyük hissəsi başa çatmışdır. Burada səliqə-sahman yaradılmış, yolların asfaltlanması, su, qaz, işıq xətlərinin çəkilməsi tam təmin olunmuşdur. Şəhər rəhbəri iştirakçıları salamladıqdan sonra ölkəmizdə və şəhərimizdə həyata keçirilən yeniliklər haqqında məlumatla çıxış etdi. Görüşdə iştirak edən sakinlər yaşadıqları əraziyə yeni zibil qablarının qoyulmasına, işsizliyin aradan qaldırılmasına, kanalizasiya xətlərinin tezliklə qaydaya salınmasına və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Qəbul zamanı sakinlərin problem və təkliflərini dinləyən şəhər rəhbəri mövcud problemlərin həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıqlarını verdi.