Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü dekabr ayının 15-də keçirildi

15 dekabr 2023 | 18:40

Şəhər liseyində keçirilən görüşdə şəhər İcra Hakimiyyətinin məsul işçiləri ilə yanaşı, idarə, müəssisə, təşkilat rəhbərləri, o cümlədən 28 May, M.Rəhimov və s. küçələrdə yaşayan sakinlər iştirak edirdilər.

Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkəmizdə və şəhərimizdə aparılan abadlıq-quruculuq işləri haqqında məlumat verərək bildirdi ki, hazırda ölkəmizin hər yerində yüksək əhval-ruhiyyə yaşanır. Azərbaycan öz ərazi bütövlüyünə tam sahib olduqdan sonra yenidənqurma işləri də sürətlə davam edir. Hazırda işğaldan azad olunmuş ərazilərə qayıdış yüksək səviyyədə həyata keçirilir. Bu mənada Mingəçevirdə də böyük işlər görülür. Şəhərin demək olar ki, bütün ərazilərində abadlıq-quruculuq işləri, insanların arzu və istəyinə uyğun olaraq nümunəvi məhəllələrin salınması davam etməkdədir. Səyyar qəbulların ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütəmadi keçirildiyini vurğulayan icra başçısı bildirib ki, belə görüşlərin keçirilməsində məqsəd əhalinin problemlərinin yerində öyrənilməsi və qaldırılan məsələlərin operativ həll edilməsidir.

Sakinlər çıxış edərək şəhərdə aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirdilər, onlara göstərilən diqqət və qayğıya görə respublika prezidenti İlham Əliyevə və Mingəçevir şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını ifadə etdilər. Eyni zamanda bəzi yerlərdə işığın zəifliyi, yolların bərbad halda olması, sahibsiz itlərin çoxluğu, vaxtlı-vaxtında ağacların budanmaması kimi problemlərdən danışdılar.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərin çıxışlarını diqqətlə dinlədikdən sonra onlara münasibətini bildirdi və qaldırılan məsələlərin tezliklə həlli məqsədi ilə müvafiq idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlarını verdi.

Keçidlər