Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü avqust ayının 22-də keçirildi.

23 avqust 2023 | 15:41

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri ictimaiyyət nümayəndələri, mətbuat işçiləri ilə birgə növbəti səyyar görüş keçirib. H.Əliyev, Nəsimi, A.Məmmədov küçələrinin sakinləri ilə görüşdə 70 nəfər iştirak edirdi. Şəhər İcra Hakimiyyətinin başçısı çıxış edərək görüşdə iştirak edən sakinləri salamlamış, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən keçirilən səyyar görüşlərin əsas məqsədinin vətəndaşları narahat edən problemlərin vaxtında öyrənilməsinə və həll olunmasına yönəldiyini bildirdi. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən regionların sosial- iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevirdə davamlı şəkildə reallaşan quruculuq işlərindən bəhs edən şəhər rəhbəri nur şəhərinin gözəlləşməsi məqsədi ilə işlərin uğurla davam etdirildiyini bildirdi. Şəhər rəhbəri qeyd etdi ki, havaların isti keçməsinə baxmayaraq bu gün də quruculuq işləri müvəffəqiyyətlə yerinə yetirilir. İnsanların istək və arzularını nəzərə alaraq istirahət məskənlərində səliqə sahmanın yaradılmasına, yeni park və xiyabanların salınmasına, o cümlədən nümunəvi məhəllələrin yaradılmasına diqqət daha çox artırılmışdır. Şəhər İcra Hakimiyyətində tərtib olunmuş iş planına uyğun olaraq yaşayış binalarının əsaslı təmiri, kanalizasiya sistemlərinin yenidən qurulması, qaz, işıq xətlərinin təmiri, yolların və səkilərin asfaltlanması tam nəzarətə götürülərək həyata keçirilir. Şəhər rəhbəri bir daha vurğuladı ki, bu sahədə qarşıya çıxan bütün problemlər diqqətlə öyrənilir və aradan qaldırılır.

Görüşdə iştirak edən sakinlər bəzi ərazilərdə yaşıllıq sahələrinin su ilə təminatının yaxşılaşdırılmasına, kanalizasiya sisteminin yenidən qurulmasına, yaşayış binalarının təmir olunmasına, işsizliyin aradan qaldırılmasına, işıqlanma, yeni abad məhəllələrin yaradılmasına, yolların asfaltlanmasına və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər. Qəbul zamanı 15 sakinin problem və təkliflərini dinləyən şəhər rəhbəri mövcud problemlərin həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıqlarını verdi.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhərdə aparılan təmir-tikinti işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər