Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü aprelin 20-də oldu.
21 aprel 2023 | 17:10
Azərbaycan İES yaşayış massivindəki Energetik klubunda keçirilən qəbulda şəhər polis şöbəsinin rəisi Ədalət Əliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Y.Mansurov, Naxçıvan, C.Əliyev küçələrinin sakinləri ilə görüşdə 70 nəfər iştirak edirdi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları salamladıqdan sonra ölkəmizdə və şəhərimizdə mövcud olan yeniliklər haqqında danışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs edərək bildirdi ki, bu gün respublikamızın hər yerində yenilikləri müşahidə etmək olar. Cənab Prezidentin cənub bölgəsinə- Masallı, Cəlilabad, Salyan rayonlarına səfərləri bunu bir daha sübut edir. Aparılan açılış mərasimləri, quruculuq işləri canlı olaraq insanlara təqdim olunur. Bu gün Mingəçevirdə də səngimədən quruculuq işləri aparılır. Əsasən su, kanalizasiya, işıq, qaz xətləri normaya salınır, yeni-yeni parklar, xiyabanlar salınır. İnsanların arzu və istəyinə uyğun olaraq istirahət məskənləri yaradılır. Məqsədimiz şəhər sakinlərinin rahatlığını təmin etməklə onlara xidmət göstərməkdir. Bu günkü görüşün də keçirilməsində məqsəd sizi dinləmək, qarşılaşdığınız çətinliklərin aradan qaldırılmasında hər birinizə kömək olmaqdır. Qəbul zamanı 8 sakinin problem və təkliflərini dinləyən şəhər rəhbəri mövcud problemlərin həlli, işsizliyin olması, kanalizasiya sisteminin təmiri, bəzi ərazilərdə asfaltın və işıqlanmanın olmamasına, işıq xətlərində tez-tez mövcud olan gərginliyin aradan qaldırılması, küçələrdə maşınların hərəkətini nizamlayan nişanların olmaması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə, məsul şəxslərə yerində müvafiq tapşırıqlarını verdi. Eyni zamanda sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.