Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü 01 sentyabr 2023-cü il tarixində keçirildi.
03 sentyabr 2023 | 14:45
Vaqif Abdullayev küçəsindəki 4 nömrəli yaşayış binası sakinlərinin xahişi ilə həmin binanın qarşısında keçirilən görüşə şəhər polis şöbəsinin rəisi Ədalət Əliyev, şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri və nümayəndələri dəvətli idilər. Vaqif Abdullayev, 20 Yanvar küçələrinin sakinləri ilə görüşdə 65 nəfər iştirak edirdi.
Görüş iştirakçılarını salamlayan şəhər rəhbəri ölkəmizdə və şəhərimizdə həyata keçirilən mühüm tədbirlər haqqında məlumat verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Qarabağ bölgəsində həyata keçirilən yenidənqurma işləri və bu bölgəyə keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı fikirlərini açıqladı. Eyni zamanda cənab Prezidentin tapşırığına müvafiq olaraq Mingəçevirdə görülən yenidənqurma işləri haqqında məlumat verdi.
Görüş zamanı vətəndaşların müraciətləri əsasən, həyətlərin abadlaşdırılması, küçələrin işıqlandırılması, ağacların suvarılması, çoxmənzilli yaşayış binalarının təmiri zamanı yaranan nöqsanlar, piyada keçidi və yol nişanlarının qoyulması, vətəndaş qəbulu və s. məsələlərlə bağlı olmuşdur. Səyyar görüşdə sakinlərin müraciətləri ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülmüşdür. Qaldırılan məslələrin həlli ilə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izah verilmişdir.
Sakinlər yerlərdə qəbulların təşkilinə, göstərilən hərtərəfli diqqət, qayğıya və Mingəçevir şəhərində aparılan quruculuq, abadlıq işlərinə görə razılıqlarını bildirərək ölkə rəhbərliyinə minnətdarlıq etmişlər.