Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun Mingəçevirlilərə yeni il təbriki

20 dekabr 2022 | 11:36

Xoşbəxt sabahlara doğru

Hörmətli mingəçevirlilər! Əziz dostlar!

2022-ci ildə həyatımıza uğur gətirən bir-birindən gözəl günlərimiz, aylarımız başa çatmaq üzrədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmiz inkişaf edir, güzəranımız yaxşılaşır, insanların məmnunluq hissi artmaqdadır. Bütün dünyada baş verən hərbi, iqtisadi, siyasi gərginliklərə baxmayaraq Azərbaycan öz haqq yolu ilə irəliləyir. Azadlıq, suverenlik, Vətənin bütövlüyü, torpaqlarımızın tamamilə azad olunması, yeraltı, yerüstü sərvətlərimizə göz dikən xarici düşmənlərimizə layiqli cavab verilməsi başlıca nailiyyətlərimizdəndir. Bu gün Azərbaycan Cənubi Qafqazda söz sahibidir. Apardığı uğurlu siyasət nəticəsində 44 günlük ikinci Vətən müharibəsindən sonra minlərlə şəhidlərimizin qanı bahasına əldə etdiyimiz doğma Qarabağımızda abadlıq quruculuq işləri səngimədən davam edir. Bu bölgədə ən müasir tələblərə cavab verən yeni infrastruktur layihələri həyata keçirilir. Öz dədə-baba yurdlarından didərgin düşmüş insanlar doğma torpaqlarına qayıdır. Qarabağ iqtisadi zönasında axarlı-baharlı həyat öz məcrasına qovuşur. Uğurlu, xeyirli olsun!

     Əziz dostlar! Yola salmağa hazırlaşdığımız 2022-ci il mingəçevirlilər üçün də uğurlu illərdən biridir. Ölkə rəhbərimiz cənab İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Mingəçevir gündən-günə inkişaf edir, gözəlliyinə yeni-yeni əlavələr edilir. Bu yüksəliş şəhərin bütün sahələrində özünü büruzə verir. Energetiklər yaşayış massivi kimi tanınan Azərbaycan İES ərazisindən tutmuş şəhərin sağ və sol hissəsində, tərəvəzçilik, tingçilik, Mingəçevir kəndi, Bağlar yaşayış massivlərində aparılan işlər sakinlərimiz tərəfindən böyük razılıq hissi ilə qarşılanır. Ünvanımıza daxil olan məktub və teleqramlar, telefon zəngləri, sakinlərlə aparılan səyyar görüşlər bunu bir daha təsdiq edir. Şəhər İcra Hakimiyyəti olaraq insanlarla açıq dialoqa, səmimi söhbətə konkret tapşırıqların yerinə yetirilməsinə üstünlük veririk. Məqsəd, məramın şəhər sakinlərinin arzu və istəklərinə uyğun olaraq onların məmnunluq hisslərini artırmaq, həyat tərzlərini yüksəltməkdir. Elə bu məqsədlə də 2022-ci ildə 50-dən çox yaşayış binasının fasad hissələrində, dam örtüklərində, 200 ədəd ümumi istifadə yerlərində əsaslı təmir işlərinin aparılmasını, ümumi sahəsi 122 min kvadrat metr olan 25 (ondan 20 ədəd küçənin Günəşli yaşayış massivində olmaqla) küçənin, 135-ci məhəllənin yol və səkilərinin səki və yollarının əsaslı təmirini, 4 nümunəvi məhəllənin yaradılmasını, şəhərin küçə və məhəllələrində - 5 küçə və dalanlarda, 112-ci, 126-cı, 127-ci, 135-ci, 136-cı məhəllələrdə, yeni salınmış istirahət güşələrində 400-ə yaxın işıqlanma nöqtəsinin qurulmasını, Bayraq meydanından Şərq giriş qapısına kimi olan yaşıllıq zolağında abadlıq işlərini, H.Əliyev prospektinin Kür kompüter zavodu ilə Karxana yolu arasında olan hissəsinin hər iki tərəfinin yaşıllıq zolağında istirahət guşəsinin yaradılmasını, şəhərdə kanalizasiya, qaz xətlərinin yenidən qurulmasını təmin etməyə çalışmışıq. Bu gün Mingəçevir şəhərində insanların istirahəti üçün demək olar ki, hər cür şərait var. Yola saldığımız il ərzində şəhərdə yeni-yeni park və nümunəvi məhəllələrin istifadəyə verilməsi böyük razılığa səbəb olmuşdur. Bu istiqamətdə işlər davam etdirilməkdədir. Şəhər İcra Hakimiyyətində ilin əvvəlindən tərtib edilmiş tədbirlər planına müvafiq olaraq aparılan bu işlər sakinlər tərəfindən rəğbətlə qarşılanır. Məhz belə qarşılıqlı əlaqələrin nəticəsidir ki, Mingəçevirdə qaz, su, işıq problemləri demək olar ki, tamamilə aradan qaldırılıb. Müəyyən çətinliklərə baxmayaraq 2022-ci ildə şəhərimizin yaşıllığının, səliqə-sahmanının, gözəlliyinin qorunub saxlanılmasına nail ola bilmişik. Əlbəttə, qarşıda bizi daha mürəkkəb vəzifələr gözləyir. 2023-cü ildə də abadlıq quruculuq işlərinin sürətlə davam etdirilməsinə, yaşayış binalarının əsaslı təmirdən çıxarılmasına, yeni nümunəvi məhəllələrin yaradılmasına, əhalinin istək və arzularına uyğun olaraq yeni iş yerlərinin açılmasına nail olmağa çalışacağıq. Bütün bunlar qarşımızda duran mühüm vəzifələrdir. Əminəm ki, birgə səylərlə onun öhdəsindən gələ biləcəyik.

   Əziz dostlar!

Ata-babalarımızın min bir zəhmət bahasına ərsəyə gətirdikləri Mingəçevir bizə əmanətdir. Onu inkişaf etdirib gözəlləşdirmək bizim borcumuzdur. 2023-cü ildə şəhərimizin 75 yaşı tamam olacaq. Bu,bizim üçün böyük bir tarixdir. Bununla bağlı çoxlu arzularımız, istəklərimiz var. Onun layiqincə yerinə yetirilməsi üçün öz töhfəmizi verəcəyik.

Əziz mingəçevirilər və şəhərimizin qonaqları. Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramları münasibəti ilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, xoşbəxt həyat və şəhərimizin inkişafı naminə əməli işlərinizdə uğurlar arzulayıram. Qoy 2023-cü il həyatımızda daha böyük uğurlu il olsun!

Bayramınız mübarək!

İlham İsmayılov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı

Keçidlər