Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun Mingəçevirlilərə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə təbriki

27 dekabr 2023 | 15:06

Hörmətli mingəçevirlilər!

Əziz dostlar!

Həyatımıza işıq salan, bir-birindən gözəl və mənalı günlərimiz, aylarımız başa çatmaq üzrədir. Bir neçə gündən sonra 2023-cü il tarixə çevriləcək. Düz iyirmi ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşan daxili və xarici siyasət sayəsində ölkəmiz inkişaf edir, insanların həyat tərzi yaxşılaşır, məmnunluq hissləri yüksəlir. Müstəqillik əldə etdikdən sonra bütün çətinliklərə tab gətirərək Azərbaycan inkişaf yolu ilə inamla irəliləyir. Yurdumuzun azadlığı, suverenliyi, ərazi bütövlüyünün tam bərpa olunması, yeraltı, yerüstü sərvətlərimizə göz dikən xarici düşmənlərimizə layiqli cavabların verilməsi ən böyük uğurlarımızdandır. Artıq Azərbaycan regionda söz sahibidir. Üç il əvvəl 44 günlük Vətən müharibəsindən sonra minlərlə şəhidimizin qanı bahasına, əsgər və zabitlərimizin şücaəti sayəsində azad olunan gözəl Qarabağ iqtisadi rayonunda tikinti-quruculuq işləri böyük coşqu ilə davam edir. Bölgədə yeni infrastruktur layihələri həyata keçirilir, ata yurdundan məcburi köçkün düşmüş insanlar doğma torpaqlarına qayıdırlar ki, bunun nəticəsində Qarabağ iqtisadi zonasında həyat öz məcrasına düşür. Uğurlu, xeyirli olsun! Əziz dostlar! Başa çatan 2023-cü il mingəçevirlilər üçün də uğurlu illərdən biri olub. Cənab Prezident İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Mingəçevir inkişaf yolundadır, hüsnünə yeni gözəlliklər əlavə edilir. Bu inkişaf şəhərin bütün ərazilərində hiss olunur. Azərbaycan İES ərazisindəki, eyni zamanda şəhərin sağ və sol sahilində, tərəvəzçilik, tingçilik, Mingəçevir kəndi, Bağlar yaşayış massivlərində aparılan işlər vətəndaşların razılığı ilə qarşılanır. Şəhər İcra Hakimiyyətinə daxil olan məktub və teleqramlar, telefon zəngləri, sakinlərlə keçirilən səyyar görüşlər bunu bir daha təsdiq edir. Şəhər İcra Hakimiyyəti olaraq insanlarla açıq və səmimi söhbətlərə, konkret tapşırıqların yerinə yetirilməsinə üstünlük veririk. Əsas məqsədimiz vətəndaşların istəklərinə uyğun olaraq onların qarşılaşdıqları problemlərin vaxtında həllinə nail olmaq, məmnunluq hisslərini artırmaq, mənalı istirahətləri üçün şəraiti yaxşılaşdırmaqdır. Aran, Mərkəz, M.Rəhimov, Şəfa, 28 May küçələri, N.Nərimanov küçəsinin 41-45 meydanından Nəsimi küçəsinədək olan hissəsi, Naxçıvan küçəsinin Natəvan küçəsinədək olan sağ və sol dalanlarına, eləcə də 73-cü ,126-cı, 136-cı, 158-ci, ”Az.İES” yaşayış massivində 1 məhəllənin daxili yolları və səkiləri əsaslı təmir olunmuşdur. 4 nümunəvi məhəllə yaradılmış, bu məhəllələrdə asudə vaxtı keçirmək üçün ümumilikdə 4 ədəd idman meydançası və 4 ədəd idman qurğuları üçün meydança salınmış, 100-ə yaxın oturacaq, 20-yə yaxın kölgəlik quraşdırılmış, yaşıllıq əraziləri səliqəyə salınmışdır. Mənzil fondu üzrə 56 ədəd yaşayış binalarının dam örtüyü, ümumi istifadə yerləri və fasadı əsaslı təmir olunmuşdur. “Dostluq” parkında 5 min kv.metr sahədə uşaq əyləncə mərkəzi, Kür çayının üzərindəki avtomobil yolu körpüsü ilə dəmir yolu körpüsü arasındakı 120 metrlik sahilboyu ərazidə yenidənqurma işləri aparılaraq sakinlərin istifadəsinə verilmişdir. İl ərzində abadlaşdırılması nəzərdə tutulan ərazilərdə, eyni zamanda sakinlərin müraciətləri üzrə ümumilikdə 500-ə yaxın işıq nöqtələri quraşdırılmışdır. Kanalizasiya sisteminin yenidən qurulması prosesinin böyük hissəsi başa çatıb, qaz xətlərində mövcud olan problemlərin aradan qaldırılması üçün fəaliyyət planı həyata keçirilib. Şəhər İcra Hakimiyyətində 2023-cü ilin əvvəlindən tərtib olunan tədbirlər planına müvafiq olaraq aparılan bütün işlər şəhər sakinləri tərəfindən rəğbətlə qarşılanır. Bu cür qarşılıqlı əlaqələrin nəticəsidir ki, Mingəçevirdə qaz, su, işıq problemləri demək olar ki, tamamilə aradan qaldırılıb. Qarşıda bizi yeni-yeni vəzifələr gözləyir. 2024-cü ildə də abadlıq-quruculuq işlərinin yeni çərçivədə davam etdirilməsinə, yaşayış binalarının əsaslı təmirinə, yeni nümunəvi məhəllələrin yaradılmasına, əhalinin istək və arzularına uyğun olaraq yeni iş yerlərinin açılmasına nail olmağa çalışacağıq. Əminliklə bildirirəm ki, qarşılıqlı əməkdaşlıq sayəsində bu vəzifələrin öhdəsindən layiqincə gələ biləcək, gözəl şəhərimizin hüsnünə yeniliklər əlavə edəcəyik. Əziz dostlar! Noyabr ayının 11-də 75 yaşını böyük təntənə ilə qeyd etdiyimiz Mingəçeviri inkişaf etdirib gözəlləşdirmək bizim borcumuzdur. Bu yolda bütün mingəçevirlilərə uğurlar arzulayram. Əziz mingəçevirlilər və şəhərimizin qonaqları. Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramları münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı, xoşbəxt həyat və şəhərimizin inkişafı naminə fəaliyyət yolunda uğurlar arzulayıram. Qoy 2024-cü il həyatımızda daha böyük uğurlara yol açsın!

Bayramınız mübarək!

İlham İsmayılov,

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru

Keçidlər