Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibəti ilə mətbuat işçilərinə təbriki
21 iyul 2025 | 12:16
Hörmətli jurnalistlər, əziz mingəçevirlilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi qeyd olunur. Sabah ölkəmizin hər bir bölgəsində milli mətbuatımızın 150 illiyi təntənəli şəraitdə keçiriləcək. Düz 150 il bundan qabaq milli mətbuatımızın baniləri -Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Mirzə Fətəli Axundov kimi dahi şəxsiyyətlərin təşəbbüsü və təşkilatçılığı ilə “Əkinçi” qəzeti çar Rusiyasının Azərbaycana qarşı göstərdiyi təzyiqlərə baxmayaraq işıq üzü görmüşdür. Cəmi 56 nüsxəsi nəşr olunan “Əkinçi” qəzeti xalqımızın maariflənməsində, tərəqqi və inkişafında misilsiz xidmətlər göstərmişdir. Qeyd etmək istəyirəm ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə mətbuat və mətbuat işçiləri diqqət qayğı ilə əhatə olunublar. Xüsusən hakimiyyətinin ikinci dövründə müstəqillik qazanmış Azərbaycanda mətbuatın inkişafı daha çox diqqət mərkəzində olmuşdur. Mətbuat üzərindən senzuranın götürülməsi də məhz ulu öndərin adı ilə bağlıdır. Bu siyasəti uğurla davam etdirən dövlətimizin başçısı mətbuatımızın inkişafı, tərəqqisi naminə məqsədyönlü addımlar atmaqdadır. Ötən müddət ərzində Azərbaycan Milli Mətbuatı inkişaf etmiş, müasir texniki imkanlara malik olmaqla xalqın xidmətçisinə çevrilmişdir. Bu gün qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı yeni mərhələyə qədəm qoymuş, inkişaf yolunu davam etdirməkdədir. Fərəhlə qeyd etmək istəyirəm ki, mətbuatımızın yubileyi ərəfəsində Mingəçevir də inkişaf etmiş, onun 1948-ci ildən nəşrə başlayan mətbuatı müxtəlif mərhələlərdən keçərək öz yolunu davam etdirir. Şəhərin jurnalistika tarixinə nəzər saldıqda tanınmış simalar gözlərimiz önündə canlanır. Onların xidmətlərini xatırlayaraq bildirmək istəyirəm ki, yaradıcılıqları, peşəkarlıqları gənc nəslə xüsusi örnək olmuşdur. Dövlətimizin jurnalistlərə göstərdiyi diqqət və qayğıdan bəhrələnən jurnalistlərimiz həmişə vətənə, dövlətə sədaqətli xidmətləri ilə seçiliblər. Ölkə rəhbəri, möhtərəm prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməklə öz uğurlu fəaliyyətlərini davam etdirən jurnalistlərimizi, bütün mingəçevirliləri bu əlamətdar gün münasibəti ilə ürəkdən təbrik edir, onlara uğurlar arzularyıram. Qələminiz iti, sözünüz kəsərli olsun, əziz dostlar. Bu yubiley ərəfəsində hər birinizə möhkəm can sağlığı, səadət dolu günlər arzulayıram.
İlham İSMAYILOV, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru