Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Milli Məclisin deputatı Aydın Mirzəzadə sakinlərlə səyyar görüş keçirdilər.

15 fevral 2023 | 14:23

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü Uşaq Gənclər və İnkişaf Mərkəzinin akt zalında oldu. Görüşə M.F.Axundzadə, S.Vurğun, H.Əliyev, N.Nərimanov küçələrindəki yaşayış binalarının sakinləri, şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri dəvətli idilər. Bu dəfəki görüşdə Milli Məclisin deputatı Aydın Mirzəzadə də iştirak edirdi. İştirakçıları salamlayan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov fevral ayının 13-də Bakı şəhərində, Gülüstan sarayında keçirilən möhtəşəm tədbirin ölkəmizin energetika mərkəzi olan gözəl şəhərimiz Mingəçevirin inkişafına daha bir töhfə olacağını bildirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizin müstəqillik illərində tikiləcək ən böyük elektrik stansiyasnın təmələnin qoyulmasını fərəhlə bildirən şəhər rəhbəri burada həmçinin yeni iş yerlərinin açılacağını da diqqətə çatdırdı. Ölkəmizdə aparılan quruculuq işlərindən danışaraq qeyd etdi ki, azad olunan torpaqlarımızda həyata keçirilən quruculuq işləri sürətlə davam edir. Bu torpaqların sakinlərinin, keçmiş məcburi köçkünlərin doğma ata yurduna qayıtmaları üçün, həm də bölgədə həyatın yenidən bərpası üçün möhtəşəm layihələrin həyata keçirildiyi bildirildi. Fevral ayının 6-da qardaş Türkiyədə baş verən ( 2 dəfə) dəhşətli zəlzələdən sonra Azərbaycan xalqının qardaş dövlətə dəstək olaraq müntəzəm yardımlar göstərməsini və bu işdə mingəçevirlilərin də yaxından iştirak etdiyini qeyd etdi. Eyni zamanda Mingəçevir şəhər İcra Hakimiyyətinin xətti ilə bölgəyə vaqon evlərin hazırlanaraq göndərildiyini, bu prosesin davam etdirildiyini nəzərə çatdırdı. Mingəçevir şəhərində ötən illər ərzində yeni park və istirahət mərkəzlərinin salındığından, yaşıllıq zolaqlarının genişlənməsindən, məhəllələrdə əsaslı təmir işlərinin görülməsinin davam etməsindən, nümunəvi məhəllələrin yaradılmasından, su və kanalizasiya xətlərinin yenilənməsindən bəhs edən İ.İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini qeyd edərək sakinlərin fikir və təkliflərinin görülən işlərə müsbət təsir etdiyini vurğuladı. Görüşdə çıxış edən sakinlər, Fərman Nəsirov, Xalidə Sadıqova, Elməddin Qasımov, Mehman Şirinov, Validə Nəbiyeva, Günel Zeynalova, Zenfira Abdullayeva problemlərdən danışdılar. Uşaq Gənclər və İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva Mərkəzin əsaslı təmirə olan ehtiyacı müraciətini çatdırdı. Kanalizasiya sisteminin yaxşı işləməməsi, işsizlik, binaların qarşısında işıqlanma sisteminin olmaması, mənzillərə istilik sisteminin çəkilməsinin zəruriliyi, xeyir-şər mağarının təmirinə köməklik və bununla yanaşı digər şəxsi problemlər dilə gətirildi. Çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə Mingəçevirin günbəgün gözəlləşməsindən, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin ailələri ilə keçirdiyi görüşlərdən danışaraq bildirdi ki, dövlətimizin inkişafı, daha da tərəqqisi üçün bundan sonra da fəaliyyəti istiqamətində işlərini davam etdirəcək və bununla bağlı vaxtaşırı olaraq seçiciləri ilə görüşlər keçirəcək, onların xahiş və təkliflərini dinləyərək köməkliyini əsirgəməyəcək. Görüşə yekin vuran İlham İsmayılov aidiyyəti olan məsul şəxslərə tapşırıqlarını verərək əminliyini bildirdi ki, şəhərimizin abadlaşdırılması ilə yanaşı vətəndaşların qarşılaşdıqları çətinliklərin həllu üçün zəriri olan bütün tədbirlər görüləcəkdir.

Keçidlər