Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti dəfə vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.
12 iyul 2024 | 14:41
İyulun 11-də şəhərin sağ sahilində yerləşən Təbriz küçəsində keçirilən görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, Koroğlu, Z.Həsənova, Y.Muradov, H.Əliyev və s.küçələrin sakinləri iştirak ediblər.
Daha sonra şəhər rəhbəri çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Mingəçevir şəhərində mütəmadi olaraq vətəndaşlarla səyyar görüşlər keçirilir. Keçirilən qəbulların məqsədi sakinləri narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların üzləşdikləri problemləri vaxtında aradan qaldırmaqdır. Daha sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhər ərazisində aparılan abadlıq quruculuq işləri ilə bağlı sakinlərə məlumat verib.
Vətəndaşların müraciətləri əsasən, həyətlərin abadlaşdırılması, avtomobil yollarının, zirzəmilərin, kanalizasiya xətlərinin təmiri, küçə və həyətlərin işıqlandırılması, yaşıllıqlara suvarma xəttinin çəkilməsi və s. məsələlərlə bağlı olmuşdur. Sakinlərin müraciətləri ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülmüşdür.
Səyyar qəbul zamanı vətəndaşlara bildirilib ki,xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar şəhər icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.