Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhər gəncləri ilə görüşüb
04 noyabr 2026 | 19:01
Noyabrın 4-də Mingəçevir Gənclər Evində təşkil olunan görüş iştirakçıları əvvəlcə torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərin xatirəsini yad ediblər.
Görüşü açan İlham İsmayılov 8 noyabr-Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək xoş arzularını çatdırıb. Ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan söz açaraq qeyd edib ki, bu görüşün keçirilməsinin əsas məqsədi sizlərlə körpü yaratmaq, arzu və təkliflərinizi öyrənmək, məşğulluğun təminatı ilə bağlı müraciətlərinizi dinləməkdir. Cənab Prezidentin rəhbərliyi ilə regionlarda, o cümlədən şəhərimizdə həyata keçirilən abadlıq-quruculuq işlərinə münasibətinizi bilmək də maraqlı olar. Siz gənclərin təhsili, tərbiyəsi, məşğulluğunuzun təminatı başlıca vəzifələrdəndir. Azərbaycan inkişaf edir, tərəqqi yolundadır, dünya dövlətləri arasında nüfuzu yüksəlir, insanların həyat səviyyəsi yaxşılaşır. Bildiyiniz kimi cənab Prezidentin iştirakı ilə Mingəçevirdə onlayn formatda yeni sənaye müəssisəsinin təməli qoyulub ki, bu da gələcəkdə yeni iş yerlərinin açılmasına şərait yaradacaqdır. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar vətəndaşların rifah halının yaxşılaşması məqsədi daşıyır. Mingəçevirdə həyata keçirilən abadlıq işləri çərçivəsində parklarda və xiyabanlarda yenidənqurma işləri reallaşır, abad məhəllələr yaradılır, işıqlanma sıstemi yenilənir, gənclər üçün idman meydanları hazırlanır, idman qurğuları quraşdırılır.
Çıxış edən gənclər - Rəvan Nəsirov, Fatimə Hüseynzadə, Nuray Əliyeva, Fatimə Feyzullayeva, Ramal Mahmudov, Nailə Cəfərli, Rəvan Rüstəmli, Ayşən Əhmədova, Nihad Abdullayev, İlahə Məcidli, Şəmsiyyə Cüməzadə, Fatimə Yusifli və başqaları öncə Zəfər Günü təbriklərini çatdırıblar. Gənclərin işlə təmin olunması, yeni müəssisələrin yaradılması, asudə vaxtlarının səmərəli keçirmələri üçün şəraitin yaradılması, mövcud idman zallarının yenilənməsi, turizmin inkişafı, ictimai nəqliyyatda mövcud olan narahatlıq, tələbələrin yataqxana problemi və digər məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.
Diskussiya şəraitində keçən görüşdə İcra başçısı İlham İsmayılov şəhər gənclərinin suallarını cavablandırıb, onlara tövsiyələrini verib. Sonda xatirə şəkli çəkdirilib.