Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətində Qabaqcıl təhsil işçiləri ilə görüş keçirilib

11 oktyabr 2022 | 18:58

Mingəçevir şəhər İcra Hakimiyyətinin akt zalında Qabaqcıl təhsil işçiləri ilə görüş keçirilib. Görüşü açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov cəmiyyətin inkişafında təhsilin böyük rolu olduğunu bildirib. Qeyd olunub ki, müəllimlik şərəfli, müqəddəs və ən məsuliyyətli peşələrdən biridir. Çünki, cəmiyyətin inkişafında, onun düzgün formalaşmasında və gələcəyimizin uğurlu olmasında müəllim əməyi, müəllim zəhməti əvəzsizdir. İndiki zamanda yaxşı təhsil almaq çox önəmlidir. Bu o deməkdir ki, uşaqlar, gənclər həyatda özlərinə layiqli yer tutacaqlar. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o ölkələr inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir, yeni texnologiyalar tətbiq olunur. Ümumiyyətlə, dünyada gedən tərəqqinin əsas səbəbi bilikdir, savaddır. Ona görə də gənc nəslin yetişdirilməsi və tərbiyə olunmasında məktəbin çox böyük əhəmiyyəti var. Uşaqlar demək olar ki, günün yarısını məktəbdə keçirir və odur ki, burada olan şəraitdən, hökm sürən ab-havadan, təhsilin keyfiyyətindən çox şey asılıdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatı proqramı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Cənab Prezident təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, təhsil işçilərinin əmək haqqlarının artırılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır və nəticə etibarı ilə bu sahədə ikişafın sürətləndirilməsini təmin edir. Şəhər rəhbəri xüsusilə vurğulayıb ki, son illər Mingəçevir təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində də xeyli işlər görülmüşdür. 12, 14 №-li tam orta məktəblər əsaslı təmir olunmuş, 13 №-li tam orta məktəb Heydər Əliyev Fondu tərəfindən yenidən inşa edilmişdir. Məktəblilərin keçirilən fənn olimpiadalarında, bilik yarışlarında qazandıqları uğurlardan, müəllimlərin peşəkarlığından, bliliklərini gənc nəslə yüksək səviyyədə tədris etmələrindən, vətənpərvərlik tərbiyəsinin diqqət mərkəzində saxlanılmasından bəhs edən İcra başçısı İlham İsmayılov bu il də Mingəçevir təhsilinin fərqli nailiyyətləri olmuş və qazanılmış uğurlar respublika miqyasında fərqləndiyini bildirib. Belə ki, 2021-2022-ci dərs ilində Mingəçevir şəhər ümumtəhsil məktəblərini IX siniflər üzrə 1398 nəfər bitirib, 1391 nəfər attestat alıb, XI siniflər üzrə 967 nəfər bitirib, 964 nəfər attestat alıb, onlardan XI siniflər üzrə 44 nəfər, IX siniflər üzrə 45 nəfər fərqlənmə attestatı almışlar. TRHET liseyin XI sinif şagirdləri Abdullazadə Kamil Adil oğlu, Behbutov Elnur Elxan oğıu, Texniki Humanitar liseyin XI sinif şagirdi Ataşova Gülşən Azər qızı qızıl, 18№li tam orta məktəbin XI sinif şagirdi Tağıyeva Könül Azər qızı gümüş medala layiq görülmüşlər. Fənn olimpiadalarının respublika mərhələsində 18 nəfər iştirak etmişdir ki, onlardan da 4 nəfər II yerə, 3 nəfər isə III yerə layiq görülmüşlər. 537 nəfər şagirdimiz ali məktəblərə qəbul olmuşdur ki, onlardan da 30 nəfəri 600-dən yuxarı bal toplamışdır. Azərbaycan Respublikasının Prezidentin cənab İlham Əliyevin 2021-2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncamına əsasən TRHET liseyin məzunları Zeynallı Xəqani Nizami oğlu və Behbutov Elnur Elxan oğlu Prezident təqaüdünə layiq görülmüşlər. Ulu öndərin anadan olmasının 99 illiyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsində 2 nəfər şagird: 16 №li tam orta məktəbin X sinif şagirdi Əhmədova Aytən Aqşin qızı, 20 №li tam orta məktəbin IX sinif şagirdi Abdullazadə Gülər Samir qızı I yerə çıxaraq Respublika mərhələsində iştirak etmiş, hər ikisi III dərəcəli Diploma layiq görülmüşlər. 3 №li tam orta məktəbin I sinif şagirdi, şahmat məktəbinin yetirməsi Əhmədli Mehriban Elmar qızı 20-30 aprel 2022-ci il tarixdə şahmat üzrə Yunanıstanda keçirilən Avropa birinciliyində IV yerə çıxmış, 01-04 may 2022-ci il tarixində yenə də Yunanıstanda keçirilən dünya birinciliyində sürətli şahmatın hər iki növü üzrə (blis və rapit) II yerə çıxmış, qiymətli hədiyyələrlə təltif olunmuş, İyun ayında Bakı şəhərində 8 yaşa qədər şahmatçılar arasında keçirilən yarışda I yerə çıxaraq növbəti dəfə dünya çempionatına vəsiqə qazanmışdır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş avarçəkmə (kayak və kanoe) üzrə Suqovuşanda keçirilən beynəlxalq yarışlarda 9 nəfər iştirak edərək 25 mükafatlara layiq yer tutmuşlar (10 qızıl, 9 gümüş, 6 bürünc medal). 02-06 may 2022-ci il tarixlərdə Bakı şəhərində keçirilən şahmat festivalında 45 komanda içində Mingəçevir komandası III yeri tutmuşdur. Bakı şəhərində Gənclər gününə həsr olunmuş, avarçəkmə üzrə “Tariximizi birgə yaşadaq” devizi altında keçirilən respublika çempionatında Mingəçevir komandası 11 qızıl, 12 gümüş, 10 bürünc medal qazanmışdır. Təhsil sahəsindəki nailiyyətlərinə görə bir neçə müəllim ölkə Prezidenti tərəfindən qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə TRHET liseyin tarix müəllimi Abbasova Ruhiyyə Əbülfəz qızı “Əməkdar müəllim”, 13 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Məmmədova Aygün Novruz qızı, 17 nömrəli tam orta məktəbin biologiya müəllimi Kərimova Günay Elman qızı “Tərəqqi” medalına layiq görülmüşlər. Təbii ki, bu uğurları qoruyub saxlamaq və daha da artırmaq lazımdır. Mən əminəm ki, təhsil işçilərimiz daha yüksək nəticələr əldə etmək üçün öz bilik və bacarıqlarını əsirgəməyəcəklər. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən böyük Zəfərdən, bu savaşlarda qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin şücaətindən və bu gənclərin məhz təhsil ocaqlarında öyrəndikləri vətənpərvərlik səviyyəsinin yüksək səviyyədə olmasından da bəhs edən şəhər rəhbəri bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar dilədi. Sonra Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənovanın məlumatı dinlənildi. Dövlətimizin başçısı cənab İlham Əliyevin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıdan danışan Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü liseyin tarix müəllimi , Əməkdar müəllim Ruhiyyə Abbasova, 20 nömrəli tam orta məktəbin tarix müəllimi Mənsur Həsənov, 17 nömrəli tam orta məktəb biologiya müəllimi, “Tərəqqi” medallı Günay Kərimova ölkəmizdə həyata keçirilən təhsil islahatlarının gənc nəslin təhsilinin yüksək səviyyədə aparılmasına imkan yaratdığını, bundan sonra da şagirdlərinə öz bilik və bacarıqlarını həvəslə öyrədəcəklərini bildirdilər. Sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov dövlət başçısının müvafiq sərəncamları ilə təltif olunan Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü liseyin tarix müəllimi, Əməkdar müəllim Ruhiyyə Abbasovaya, 17 nömrəli tam orta məktəbin biologiya müəllimi, “Tərəqqi” medallı Günay Kərimovaya, 13 nömrəli tam orta məktəbin coğrafiya müəllimi, “Tərəqqi” medallı Aygün Məmədovaya hədiyyələr təqdim etdi. Mingəçevir təhsilinin inkişafındakı xidmətlərinə görə N.Ahəngari adına 13 nömrəli tam orta məktəbin tarix müəllimi Çinarə Rzayevaya, Texniki Humanitar liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Novruzovaya, 20 nömrəli tam orta məktəbin tarix müəllimi Mənsur Həsənova, Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü liseyin fiziki tərbiyə müəllimi Xəqani Mikayılova Mingəçevir şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanını təqdim etdi və bütün təhsil işçilərinə fəaliyyətlərində uğurlar arzuladı. -Gün o gün olsun ki, azad olunan torpaqlarımızda inşa olunan təhsil ocaqlarında bu cür təhsil uğurlarının təntənəli şəkildə qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsinin şahidi olaq, deyə şəhər rəhbəri tədbirə yekun vurdu.

Keçidlər