Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətində növbəti operativ müşavirə keçirildi

21 avqust 2023 | 14:58

Yayın qızmar günlərində insanların asudə vaxtının təşkili, səmərəli istirahətləri üçün tədbirlərin görülməsi ilə yanaşı, şəhərdə park və xiyabanlarda, küçə və meydanlarda, insanların gur hərəkət etdiyi ərazilərdə səliqə sahmanın yaradılması diqqət mərkəzində saxlanılır. Mingəçevir şəhər İcra Hakimiyyətinin bu sahədə operativ tədbirlər həyata keçirməsi sevindirici haldır. Bu mənada, avqustun 21-də Mingəçevir şəhər İcra Hakimiyyətində keçirilən operativ müşavirə bir çox məsələlərə aydınlıq gətirdi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müşavirədə ilk olaraq su-kanalizasiya sistemlərində görülən işlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, “Azərsu” ASC tərəfindən kanalizasiya xətlərinin yenidən qurulması üçün şəhərdə iş aparan podratçı təşkilat öz vəzifəsini təəssüf ki, layiqincə yerinə yetirmir. Şəhər sakinlərinin tələb və istəkləri istənilən səviyyədə həyata keçirilmir. Küçə və məhəllələrin əksəriyyətində qazıntı işləri aparılsa da aylarla onların bərpası və asfaltlanlması geçikdirilir. Bu da haqlı narazılıqlar yaradır. Odur ki, tələbimiz qətidir, qısa müddətdə küçələr asfaltlanmalı, qazıntılar yekunlaşmalı, insanların rahatlığı təmin olunmalıdır. Bununla əlaqədar su-kanal idarəsinin rəhbərliyinə podratçı təşkilatla sıx əlaqə saxlayıb nöqsanların aradan qaldırılması məqsədilə tədbirlər həyata keçirməyi tapşırdı. İcra başçısı Sahil parkı ərazisindəki Kür çayı üzərində gəmilərin qanunsuz fəaliyyəti və burada yaradılan antisanitar vəziyyət barədə də fikirlərini bölüşdü. Müşavirədə iştirak edən Fövqəladə Hallar Nazirliyinin, 8 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin, polis şöbəsinin təmsilçilərinə iradlarını bildirdi, nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsini tapşırdı. Müşavirədə eyni zamanda şəhərin küçə və meydanlarında, yaşıllıq zolaqlarında olan ot örtüyünün təmizlənməməsi, ağacların suvarılmasına olan laqeydlik, məişət tullantılarının bəzi ərazilərdə vaxtlı-vaxtında daşınmaması, sahibsiz itlərin həddən çox artması, qurumuş ağacların kəsilməsi və yaxud budanması işlərinin həyata keçirilməməsi, küçə ticarətinin baş alıb getməsi və bir sıra digər aktual məsələlər barəsində müzakirələr aparıldı. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı əlaqədar sahə rəhbərlərini bir daha xəbərdar edərək tədbirlər görməyə çağırdı. Müşavirədə təhsil, mədəniyyət sahələrində mövcud olan laqeydlik kəskin tənqid olundu. Operativ müşavirə göstərdi ki, şəhərdə görüləsi işlər çoxdur, mövcud problemlərin aradan qaldırılması, insanların rahatlığının təmin olunması məqsədi ilə hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.

Keçidlər