Mingəçevir şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
15 mart 2024 | 11:50
Martın 15-də Mingəçevir şəhər İcra Hakimiyyətində müşavirə keçirilib. İclasın gündəliyində duran üç məsələ müzakirə olunub. Qanunsuz küçə ticarəti ilə bağlı yaradılmış işçi qruplarının fəaliyyəti barədə, özbaşına tikinti və artırma, quraşdırmalara qarşı işçi qruplarının fəaliyyəti və şəhərdə və şəhərdən kənar sərnişin daşıyan nəqliyyat vasitələrinin şəhər ərazisində qanunsuz parklanmaları ilə bağlı məsələlər barədə məlumatlar dinlənilib. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məsələlərə münasibət bildirərək tapşırıqlrını verib, məsuliyyətin artırılmasını və işdə dönüş yaratmağın vacibliyini vurğulayıb.
Qeyd olunub ki, şəhərdə özbaşına tikilən, qanunsuz tikililərə aidiyyəti qurumlar göz yumur, küçə ticarəti baş alıb gedir, sahibkar verilən ərazidən kənara çıxır və s. Ümumiyyətlə, şəhərdə qanunsuz tikililər baş alıb gedir. Memarlıq-tikinti şöbəsi rəhbərliyi məlumat verib ki, tikilən qanunsuz obyektlərlə bağlı yerli icraçılara elektron qaydada məlumat göndərilsə də cavabsız qalır. Bazarların qarşısı acınacaqlı haldadır. Keçirilən reydlərə baxmayaraq nəticə əldə olunmayıb. Bu vəziyyət təbii ki, sakinlərin narazılığına səbəb olur.
Şəhər rəhbəri aidiyyəti qurumların rəhbərlərinə tapşırıb ki, şəhərimizin təmizliyi və gözəlləşməsi üçün ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə, şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq infrastruktur layihələri həyata keçirilir. Bu gözəlliyi, təmizliyi qorumaq hər bir mingəçevirlinin vəzifəsidir. Hər bir qurumun rəhbərliyi, kollektivi işinə məsuliyyətlə yanaşmalıdır.
Müşavirədə ictimayyət nümayəndələri də fikir və təkliflərini bildirərək şəhərimizin gözəlliyinə xələl gətirməməyi zəruri hesab ediblər. Müzakirə olunan məsələlərlə bağlı qərar layihələri qəbul olunub.