Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Şəhər İcra Hakimiyyətində müəllimlərin peşə bayramı qeyd olundu

05 oktyabr 2023 | 15:45

5 oktyabr müəllim günü münasibəti ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin inzibati binasında Şəhər İcra Hakimiyyətinin təşilatçılığı ilə qabaqcıl təhsil işçiləri ilə görüş keçirilmişdir. Tədbirin əvvəlində təhsil işçiləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla anıblar.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşü açaraq qeyd etdi ki, müəllimlik ən şərəfli, müqəddəs və ən məsuliyyətli peşələrdən biridir. Cəmiyyətin inkişafında, onun düzgün formalaşmasında və gələcəyimizin uğurlu olmasında müəllim əməyi, müəllim zəhməti əvəzsizdir. Ulu Öndər Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir, ölkəmizə rəhbərlik etdiyi dövrlərdə həmişə müəllimə yüksək hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətlərinin, rifah halının yaxşılaşdırılmasına ciddi yanaşmışdır. Ulu öndər demişdir ki: “Hər birimizdə müəllim hərarəti, qəlbinin bir zərrəciyi vardır.” Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatı proqramı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Cənab Prezident təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, təhsil işçilərinin əmək haqlarının artırılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Son illər Mingəçevir təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində də xeyli işlər görülmüşdür. 12, 14 nömrəli tam orta məktəblər əsaslı təmir olunmuş, 13 nömrəli tam orta məktəb Heydər Əliyev Fondu tərəfindən yenidən inşa edilmişdir. Bu il şəhər ümumtəhsil məktəblərinin 9-cu sinifləri üzrə 1390 nəfər adi attestat, 43 nəfər fərqlənmə attestatı almışdır. 11-ci siniflər 1029 nəfər adi attestat, 23 nəfər fərqlənmə attestatı almış, 17 nəfər eksternat yolu ilə imtahan vermişdir. Məktəbi bitirən məzunlardan 1 nəfər qızıl medal, 2 nəfər isə gümüş medala layiq görülmüşdür. Ali məktəbə qəbul olan tələbələrdən 55 nəfəri 500-dən yuxarı, o cümlədən 17 nəfəri 600-dən yuxarı bal toplamışdır. Şəhər üzrə ən yüksək nəticəni Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü liseyin şagirdi Sənani Zeynallı (673 bal) göstərmişdir. Tədris ilində fənn olimpiadasının respublika mərhələsində şəhər ümumtəhsil məktəblərindən 23 nəfər iştirak etmiş, onlardan 1 nəfər qızıl, 4 nəfər gümüş, 3 nəfər isə bürünc medala layiq görülmüşdülər. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində 2 nəfər iştirak etmiş, onlardan Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü liseyin şagirdi Cahandar Quliyev 3-cü dərəcəli diploma layiq görülmüşdür. Digər tədbirlərdə də şəhər ümumtəhsil məktəblərinin şagirdləri uğurlu nəticələr əldə etmişlər. Qazanılmış nailiyyətlər Respublika miqyasında da fərqlənmişdir. Bütün bu uğurlarımız ölkə prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin və genişmiqyaslı inkişaf proqramının bir hissəsidir. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində şəhərimizin təhsil ocaqlarında cari təmir və bərpa işləri aparılır, məktəblərimiz yeni avadanlıqlarla təchiz edilir. Bu uğurları qoruyub saxlamaq və daha da artırmaq lazımdır. Əminəm ki, təhsil işçilərimiz daha yüksək nəticələr əldə etmək üçün öz bilik və bacarıqlarını əsirgəməyəcəklər.

Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhərinin təhsil sektorunun müdiri Sevinc Həsənova, 20 №-li tam orta məktəbin tarix müəllimi, Tərəqqi medallı Çəmən Əliyeva, təhsil veteranları Adil Kərimli, Əməkdar müəllim Mayıl İsmayılov, şəhər ağsaqqallar şurasının sədri Akif Hacıyev, Allahverdi Əliyev çıxış edərək müəllimləri təbrik etmiş, öz arzu və fikirlərini bölüşmüşlər.

Sonda şəhər İcra Hakimiyyəti tərəfindən təhsil veteranları və təhsil nailiyyətlərinə görə fərqlənən bir qrup müəllimə hədiyyə və fəxri fərmanlar təqdim olunmuşdur.

Həmən gün uzun illər pedaqoji fəaliyyəti olub, hazırda təqaüddə olan təhsil veteranı, şəhid atası Nəriman İsrafilov və Xurmayə Mikayılova evlərində ziyarət olunmuş, onlara şəhər İcra Hakimiyyətinin hədiyyələri təqdim edilmişdir.

Keçidlər