Mingəçevir şəhər İcra Hakimiyyətində İctimai təşkilatların rəhbərləri ilə görüş keçirildi
24 dekabr 2022 | 16:15
Dekabr ayının 24-də Mingəçevir şəhər İcra Hakimiyyətinin müşavirə zalında şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov İctimai təşkilatların rəhbərləri ilə görüş keçirdi. Şəhər rəhbəri ilin sonuna yaxın keçirilən bu görüşün bir növ hesabat xarakterli olduğunu diqqətə çatdırdı. Bildirdi ki, hər il olduğu kimi, bu il də İcra Hakimiyyətinin xətti ilə şəhid ailələrinə, birinci və ikinci Qarabağ müharibəsi əlillərinə diqqət və qayğı göstərilir. Onlara bu və ya digər formada maddi və ərzaq yardımı göstərilir. İctimai təşkilatların rəbərlərini bu günkü görüşə dəvət etməklə yenə də ənənəyə sadiq qalaraq öz dəstəyimizi onlardan əsirgəmirik. Xahiş edirəm ki, bizim təbrik və xoş arzularımızı şəhid ailələrinə Qarabağ əlillərinə, qazilərimizə çatdırasınız. Bildiyiniz kimi, il ərzində şəhid ailələri, Qarabağ və Vətən müharibəsi əlilləri ilə işin təşkili müvafiq səviyyədə qurulmuş, onların problemləri öyrənilib və müvafiq köməklik göstərilmişdir. Belə ki, şəhid ailələri və qazilərlə 200-ə yaxın görüş keçirilmiş, onların sosial problemləri öyrənilmiş, aidiyyəti üzrə idarə və müəssisələrə köməklik olunması barədə müraciətlər ünvanlanmışdır. 90 nəfər şəhid ailəsi üzvü, qazi və müharibə iştirakçısı işlə bağlı müraciət etmiş, onlardan 29 nəfəri şəhər İcra Hakimiyyətinin köməkliyi ilə, 23 nəfərə yaxın isə ayrı-ayrı idarə və müəssisələr tərəfindən işlə təmin olunmuşlar. Vətən müharibəsi şəhid ailəsi üzvlərindən və əlillərindən 70 nəfər mənzil növbəliyinə götürülmüşdür. Şəhid ailələrindən 14 nəfər, əlillərdən 1 nəfər Bakı şəhərində evlə təmin olunmuşdur. Şəhər İcra Hakimiyyəti tərəfindən 2 qazinin yataqxanada mənzilində təmir işləri aparılmış, 1 nəfər Bağlar massivində yaşayan Vətən müharibəsi iştirakçısının qaz partlayışı nəticəsində zərər çəkmiş mənzilində təmir işləri görülmüş, 1 nəfərin isə mənzilində geniş təmir işləri aparılmışdır. Vətən müharibəsi şəhidi Tağıyev Pərvizin ildönümü ərəfəsində onun ailəsi ziyarət edilmiş, ailəyə 300 manata yaxın ərzaq köməkliyi edilmişdir. 2022-ci il sentyabr hadisələrində şəhid olan Tərlan Rzayevin dəfninin təşkili üçün 2300 manat yardım edilib, 3-7-40 mərasimlərinin keçirilməsinə müvafiq köməklik olunmuşdur. Novruz bayramı ilə əlaqədar 277 şəhid ailəsi, 285 nəfər müharibə əlilinə şəhər İcra Hakimiyyəti tərəfindən ümumi məbləği 26642 manat olmaqla ərzaq bağlaması paylanmışdır. “Zəfər” bayramı ilə əlaqədar 283 şəhid ailəsinə və 283 Qarabağ müharibəsi əlilinə 31364 manat məbləğində ərzaq bağlaması verilmişdir. Həmrəylik günü və Yeni il münasibəti ilə əlaqədar 284 şəhid ailəsinə və 286 Qarabağ və Vətən müharibəsi əlilinə 27952 manat məbləğində ərzaq bağlaması hazırlanıb yaxın günlərdə veriləcək. Bundan başqa 95 şəhid və Qarabağ əlili uşaqlarına yeni il hədiyyəsi hazırlanmışdır. Bundan əlavə Ramazan və Qurban bayramlarında da şəhid ailələri və qazilərə müvafiq yardımlar edilmiş, 27 sentyabr Anım günü ilə əlaqədar 200 nəfərə ehsan süfrəsi təşkil edilmişdir. “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar şəhər İcra Hakimiyyəti tərəfindən 70 nəfər Vətən müharibəsi şəhid ailələrinin və əlillərinin uşaqlarına ümumi məbləği 1164,23 manat olmaqla hədiyyə bağlamaları paylanmışdır. Şəhər İcra Hakimiyyətinin köməkliyi ilə 42 nəfər şəhid ailəsi üzvlərinin Suqovuşan və Talış kəndlərinə səfəri təşkil edilmiş, 25 nəfər şəhid ailəsi uşaqlarının Ucar şəhərində keçirilən əyləncəli tədbirdə iştirakı təmin olunmuşdur. Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə iki küçəyə şəhid qardaşların adları verilmişdir. Şəhər İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidlərinin doğum və ildönümü günlərində, qazilərə, veteranlara medal təqdim edilməsi tədbirlərində iştirak edilir, eyni zamanda şəhid ailəsi üzvləri və qazilərin şəhərdə keçirilən bir sıra tədbirlərdə iştirakına şərait yaradılır. Görüşdə iştirak edən ictimai təşkilat rəhbərlərindən İranə Həsənova, Natiq Həsənov, Əlağa Bəndəliyev, Məxluq Həsənov, Şəhər İcra Hakimiyyəti İctimai Nəzarət qrupunun üzvü Zahid Qasımlı çıxış edərək şəhid ailələrinə, əlillərə və qazilərə göstərilən diqqət və qayğıya görə Şəhər İcra Hakimyyətinə minnətdarlıqlarını ifadə etmişlər. Qeyd edək ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları münasibəri ilə Mingəçevirin 570 şəhid ailəsinə və Qarabağ əlilinə, 95 Vətən müharibəsi və qazilərin övladlarına ərzaq bağlaması hədiyyə olunub. Şəhər İcra Hakimiyyətini başçısı İlham İsmayılov qarşıdan gələn bayramlar münasibəti ilə onları təbrik etmişdir.