Mingəçevir şəhər İcra Hakimiyyətində Fövqəladə hallar komissiyasının iclası keçirildi.
07 aprel 2023 | 14:09
Aprel ayının 7-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı yanında Fövqəladə Hallar Komissiyasının iclası keçirilib. İclasda aprel ayının 6-da yağan güclü leysan yağışlarından sonra Mingəçevirdə baş verən fəsadlar müzakirə olundu. Qeyd edək ki, 06.04.2023-cü il tarixdə saat 21:22-dən 23:20-dək yağan intensiv yağışın miqdarı 33,2 mm olmuşdur ki, bu da aylıq normanın 115 faizini təşkil etmişdir. Yağan yağış nəticəsində 1 neçə elektrik verilişi xətlərində fasilə yaranmış, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə 3 saylı köçkün qəsəbəsində fərdi evləri su basmış, şəhər ərazisinin müxtəlif yerlərindən 9 nəfər yaşayışçının mənzilinin damından evinə su axması şikayəti olmuşdur. Elektrik enerjisi fasiləsi zamanı nasos stansiyalarının işləməməsi səbəbindən yağış ötürücü sistemi intensiv yağan yağışın axıdılmasını təmin edə bilmədiyi üçün küçələrin bəzi hissələrində su yığılması müşahidə olunmuşdur. Mingəçevir şəhər İcra Hakimiyyəti yanında Fövqəlada Hallar Komissiyasının intensiv yağan yağış nəticəsində yaranmış fəsadların aradan qaldırılması üçün müvafiq tədbirlər görmüş və nəticəsində elektrik enerjisi verilişi bərpa olunmuş, küçələrdə yığılan suyun çəkilməsi təmin edilmiş və dam örtüklərindən su axan evlərə və mənzillərə baxış keçirilmiş, dəymiş ziyanla bağlı dəqiqləşmələr aparılmışdır. İclasda aidiyyatı qrum (Elektrik şəbəkəsi, Mingəçevir REŞ, Qaz xidmət sahəsi, Su-kanal idarəsi, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi, Mənzil Kommunal Təsərrüfatı Kombinatı, İşıqlanma idarəsi, Yaşıllaşdırma və Sanitar Təmizlik idarəsi, Qaçqınkomun Mingəçevir nümayəndəliyi) rəhbərlərinin məlumatı dinlənilmiş, mövcud vəziyyət öyrənilmiş, yağışın fəsadlarının aradan qaldırılması üçün tapşırıqlar verilmişdir. Hazırda məsələ Fövqəladə Hallar Komissiyasının tam nəzarətində saxlanılır.