Mingəçevir şəhər İcra Hakimiyyətində 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.
05 oktyabr 2024 | 14:49
Mingəçevir şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Uzun illər Mingəçevir təhsil sektorunda fəaliyyət göstərən təqaüddə olan müəllimlərin də dəvət olunduğu görüşdə şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Mingəçevir Dövlət Universitetinin, Turizm Kollecinin, Tibb Kollecinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir Sektorunun tabeliyindəki təhsil və tərbiyə müəssisələrinin təmsilçiləri, ictimaiyyət və media nümayəndələri iştirak edib. Tədbiri açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək müqəddəs və şərəfli peşə sahiblərini təbrik edib. Bildirib ki, müəllimlik ən şərəfli, müqəddəs və ən məsuliyyətli peşələrdən biridir. Çünki cəmiyyətin inkişafında, onun düzgün formalaşmasında və gələcəyimizin uğurlu olmasında müəllim əməyi, müəllim zəhməti əvəzsizdir. Ulu Öndər Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. Onun ölkəmizə rəhbərlik etdiyi dövrlərdə həmişə müəllimə yüksək hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətlərinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır.Ulü Öndər deyirdi: “Hər birimizdə müəllim hərarəti, qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirsizliklə öyrətmiş və öyrədir”.
İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o ölkələr inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir, yeni texnologiyalar tətbiq olunur. Ümumiyyətlə, dünyada gedən tərəqqinin əsas səbəbi bilikdir, savaddır. Ona görə də gənc nəslin yetişdirilməsi və tərbiyə olunmasında məktəbin çox böyük əhəmiyyəti var. Uşaqlar demək olar ki, günün yarısını məktəbdə keçirir və odur ki, burada olan şəraitdən, hökm sürən ab-havadan, təhsilin keyfiyyətindən çox şey asılıdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatı proqramı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Cənab Prezident təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, təhsil işçilərinin əmək haqqlarının artırılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır və nəticə etibarı ilə bu sahədə ikişafın sürətləndirilməsini təmin edir.
Heydər Əliyev Fondunun fəaliyyətinə nəzər salan şəhər rəhbəri qeyd edib ki, Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətin təhsil sahəsində apardığı siyasətə dəstək göstərərək gənc nəslin daha bilikli yetişməsinə və keyfiyyətli təhsil almalarına öz töhfəsini vermiş olur.
İşğaldan azad olunmuş ərazilərdə 550 şagird və 84 müəllim daxil olmaqla 7 ümumtəhsil müəssisəsi fəaliyyətə başladığını bildirən İ.İsmayılov ötən illər ərzində Mingəçevir təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində xeyli işlərin görüldüyünü dedi: - Dövlət proqramı çərçivəsində şəhərdə 2351 şagird yerlik 4 ümumtəhsil məktəb binası inşa, 11158 şagird yerlik 12 məktəb binası əsaslı təmir edilmişdir. Hazirda 1250 şagird yerlik olan 17 saylı tam orta məktəbin binasında əsaslı təmir işləri yekunlaşmışdır. Bütün bu uğurlarımız ölkə prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin və genişmiqyaslı inkişaf proqramının bir hissəsidir. Ölkə rəhbərinin yüksək diqqət və qayğısı sayəsində şəhərimizin təhsil ocaqlarında cari təmir və bərpa işləri aparılır, məktəblərimiz yeni avadanlıqlarla təchiz edilir.
Əminəm ki, məktəblərimizdə yaradılacaq şəraitə görə gələcəkdə uğurlarımız bundan da artıq olacaqdır. Bayramınız mübarək, əziz müəllimlər, hər birinizə, şəhərimizin bütün təhsil müəssisələrində çalışan müəllimlərə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Tədbirdə təqaüddə olan müəllimlərdən Mayıl İsmayılov, Mirzə Cavadov, Validə Əlizadə, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir Sektorunun müdiri Sevinc Həsənova, Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsini icra edən Üzeyir Zeynalov, ictimaiyyət nümayəndələrindən Rizvan Mikayıllı, Fərman Nəbiyev çıxış edərək təbriklərini çatdırıblar. Dünyasını dəyişən müəllimlər xatırlandı, işğal altında qalan torpaqlarımızın azad olunmasında rəşadət göstərən vətənpərvər gənclər yetişdirən müqəddəs peşə sahiblərinin fəaliyyətləri təqdir olundu, xoş arzular dilə gətirildi.
Görüşdə gənc nəslin təlim tərbiyəsində uzun illər səmərəli pedaqoji fəaliyyət göstərən bir qrup təhsil işçisinə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı, həmçinin təqaüddə olan müəllimlərə xatirə hədiyyələri təqdim olunub. Sonda xatirə şəkilləri çəkdirildi.