Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “15 İyun-Milli Qurtuluş günü” münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə elmi-nəzəri konfransı keçirilib.

14 iyun 2022 | 15:51

15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə iyunun 14-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə elmi-nəzəri konfransı keçirildi. Konfrans öz işinə başlamamışdan əvvəl Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, partiya fəalları, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış ulu öndərin abidəsi önünə gül çiçək dəstələri qoydular. Heydər Əliyev Mərkəzinin foyesində Milli Qurtuluş Gününə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış oldu. Sonra Ulu öndərin həyat və fəalliyyətinə həsr olunmuş film nümayiş edildi. Akt zalına toplaşmış iştirakçılar öncə ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Elmi-nəzəri konfransı giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etdi ki, 15 iyun 1993-cü il Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malikdir.1993-cü ilin iyun ayının əvvəlindən başlayaraq ölkəmizdə baş verənləri təhlil etməklə hər birimiz bu qənaətə gəlirik ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan xalqı və dövlətçiliyi üçün həqiqətən də qurtuluş tarixidir. Bu əlamətdar gün münasibətilə sizləri və sizin timsalınızda bütün mingəçevirliləri təbrik edir, hər birinizə uzun ömür, can sağlığı arzulayıram. Məlumdur ki, çətin günlərdə, həlledici məqamlarda öz xalqını üzləşdiyi çətinliklərdən xilas etmək yalnız böyük və qüdrətli şəxsiyyətlərin çiyninə düşür. Xalqın taleyində belə şəxsiyyətlərə ehtiyac olan anda həmin şəxsiyyətlərin həyata keçirdiyi missiya onu xalqın lideri, onun xilaskarı edir. 1993-cü ilin iyununda Azərbaycanda yaranan ictimai-siyasi şərait, yəni vətəndaş müharibəsi, ərazi baxımından parçalanma, xaos, anarxiya şəraiti xalqı bu vəziyyətdən xilas etməyə qadir olan lider zərurəti yaratdı. Belə bir xilaskarlıq missiyasını öz üzərinə götürən, həyatını təhlükələrə məruz qoyan Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə iyunun 9-da Naxçıvandan Bakıya qayıtdı, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, bununla da daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Beləliklə 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi daxil oldu. Qısa müddətdə həyata keçirilən səriştəli siyasətlə ümummilli liderimiz Heydər Əliyev Doğma Azərbaycanımızı məhv olmaqdan, xalqı isə düçar olduğu bəlalardan xilas etdi. 1993-cü ilin iyun ayının 15-də qayıdışı ilə o tariximizin yeni bir mərhələsini - quruculuq, inkişaf və yüksəliş dövrünün əsasını qoydu, dövlətçilik tariximizin şanlı səhifəsini yazdı. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun- Milli Qurtuluş gününü hər il yüksək əhval-ruhiyə ilə qeyd edir. Bu gün də YAP şəhər təşkilatı ilə birgə təşkil olunan “Ümummilli lider Heydər Əliyev – Milli Qurtuluşumuzun müəllifi” mövzusunda konfrans da həmin tarixi günə həsr edilib. Elmi-nəzəri konfransda Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışı tarixi zərurət idi” mövzusu ilə YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, “Ulu öndər Heydər Əliyev milli qurtuluşumuzun sərkərdəsidir” mövzusu ilə Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri, dosent, siyasi elmlər üzrə fəlsəfə doktoru Esmira Cəfərova, “Ümummilli lider Heydər Əliyevin 1993-cü il 15 iyun tarixindəki xilaskarlıq missiyası müasir uğurlarımızın başlanğıc səhifəsidir” mövzusu ilə Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva, “Ölkə Prezidenti cənab İlham Əliyevin qazandığı zəfərlər Azərbaycanın xoşbəxt gələcəyinin təminatıdır” mövzusu ilə Mingəçevir Dövlət Universitetinin baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Ruhiyyə Hüseynova çıxış etdilər. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov konfransın işinə yekun vuraraq konfransda çıxış edən məruzəçilərə dəyərli fikirlərinə görə təşəkkürünü bildirdi və qeyd etdi ki: “Hər birimiz ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında əvəzsiz xidmətlərinin, bu tarixi şəxsiyyətin rəhbərliyi ilə əsası qoyulan işlərin bu gün onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin və bu siyasətin nəticəsində çox böyük uğurların əldə olunmasının şahidiyik. Əminik ki, bu uğurlar davamlı olacaq, biz müstəqil dövlətimizin yeni-yeni zəfərlərini və qələbələrini görəcəyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız şanlı ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu, 44 gün davam edən müharibədə 8 rayonumuz tamamilə azad olundu, 3 rayonun bir hissəsi işğalçılardan təmizləndi. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri aparılır. Bu il keçmiş məcburi köçkünlərin Zəngilan rayonu Ağalı kəndinə qayıdışı olacaqdır. Bu isə artıq böyük qayıdışın başlanğıcı deməkdir. Bütün bunlar bir daha göstərir ki, Ulu öndər Heydər Əliyev 15 iyun 1993-cü il tarixində öz xilaskarlıq missiyası ilə Azərbaycanın dövlət müstəqilliyini xilas edən, qoruyan, möhkəmləndirən, əbədi, dönməz və sarsılmaz edən qüdrətli, müdrik bir tarixi şəxsiyyətdir. Ölkə prezidenti cənab İlham Əliyev isə Ulu öndərin ideyalarını reallaşdıran qüdrətli sərkərdədir. Əminik ki, cənab İlham Əliyevin qazandığı müasir zəfərlər Azərbaycan dövlətinin xoşbəxt gələcəyinin təminatıdır. Yaşasın Azərbaycanımızı daim uğurlara aparan Heydər Əliyev ideyaları! Yaşasın bu ideyaları daima uğurla reallaşdıran Azərbaycan Prezidenti cənab İlham Əliyev!” Qurtuluş Günü ilə bağlı iyunun 15-də Mingəçevir şəhərindəki Heydər Əliyev Meydanında axşam saatlarında konsert proqramı və bayram atəşfəşanlılğı təşkil olunacaqdır.

Keçidlər