Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər Ağsaqqallar Şurasının yeni sədri seçildi

22 noyabr 2024 | 17:50

Noyabr ayının 22-də Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının iclas zalında Mingəçevir Ağsaqqallar Şurasının konfransı keçirilib. Tədbir öncəsi Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Konfransda Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın suverenliyi, ərazi bütövlüyünün təmin olunması, işğaldan azad olunması uğrunda həlak olan şəhidlərimizin, həmçinin dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı açan şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Kərimov qonaqları salamlayaraq konfransın məram və məqsədi haqqında fikrini çatdırdı. Bildirdi ki, Ağsaqqallar Şurasına yeni sədrin seçilməsi məqsədi ilə konfransın keçirilməsi qərara alınmışdır. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qonaqları qəbul edərək səmimi söhbət aparmış və onlara işlərində uğurlar arzulamışdır.

Konfransda Azərbaycan Respublikasının Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Azərbaycan Respublikasının Ağsaqqallar Şurasının aparat rəhbəri Ramin Həsənli, Azərbaycan Respublikasının Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev iştirak ediblər.

Konfransda çıxış edən professor Vahid Novruzov öncə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyevin şəhər ağsaqallarına salamlarını və xoş arzularını çatdırdı. Bildirdi ki, ağsaqqallar xalqımızın mütərəqqi tarixi ənənələrinin, zəngin milli-mənəvi dəyərlərinin qorunması işinə hər zaman töhfə verməyə çalışır. Ağsaqqal xeyir-duası hər bir azərbaycanlı üçün böyük məna daşıyır. Cəmiyyətdə ictimai münasibətlərin tənzimlənməsində ağsaqqal sözünə ehtiyac duyulur. Xalqımız həmişə müdrikliyə arxalanıb, tarixin ən gərgin və keşməkeşli zamanında doğru seçim etməklə Azərbaycanı böyük təhlükələrdən xilas edib. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ağsaqqala olan etimad və hörmətin bariz nümunəsi olub. Qətiyyətli və cəsarətli addımları ilə Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas edən Ulu öndər dövlətimizi inkişaf yoluna çıxarıb. Məhz bu uğrulu siyasəti müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev dövlətimizin iqtisadi qüdrətini artırmaqla onu dünya arenasında söz sahibinə çevirib. Bunun davamı olaraq 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması Azərbaycanın hərb tarixinin şərəfli səhifəsini yaradıb. Azərbaycanın qalib dövlət kimi dünyada bir daha nüfuzunu artırıb. Təbii ki, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində, yetişib formalaşmasında ağsaqqal sözünün, tövsiyə və məsləhətlərinin rolu danılmazdır. Və biz ağsaqallar bu yolda inamla addımlayırıq. Hər birinizə cansağlığı və işlərinizdə uğurlar arzulayıram.

Konfransda Mingəçevir şəhər Ağsaqqallar Şurasına yeni sədrin seçilməsi təklifi ilə çıxış edən Əli Xəlilov dedi ki, bu mötəbər vəzifəyə uzun müddət şəhərimzdə məsul vəzifədə çalışan, Mingəçevirin ictimai-siyasi həyatında yaxından iştirak edən Mustafa Muradovun namizədliyini təklif edirəm. Sonra şura üzvlərindən Mayıl İsmayılov, Allahverdi Alıyev, Akif Mirabov və başqaları çıxış edərək Mustafa Muradovun seçilməsi ilə bağlı təklifi dəstəklədiklərini bildirdilər.

Qeyd etdilər ki, onun bu vəzifədə layiqli işlər aparacağına əminik və birlikdə qarşıya qoyulan vəzifələri yerinə yetirəcəyik. Şura üzvləri yekdilliklə Mustafa Muradovu Mingəçevir şəhər Ağsaqqallar Şurasının sədri seçdilər.

Sonda Mustafa Muradov ona göstərilən etimada görə Respublika Ağsaqqallar Şurasının rəhbərliyinə, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova, həmçinin şəhər ağsaqqallarına minnətdarlığını bildirməklə əmin etdi ki, bu işin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.

Keçidlər