Şriftin ölçüsü :

Saytın rəngi :

“Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi olub.

16 oktyabr 2024 | 17:43

Oktyabrın 16-da Mingəçevir daha bir beynəlxalq yarışa ev sahibliyi etdi. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi olub.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının Prezidenti Vüqar Əhmədov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.

Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan Reqatanın açılış mərasimində qeyd olunub ki, "Mingəçevir Reqatası-2024" Qarabağda, ilk dəfə Füzulidə keçiriləcək. 16-18 oktyabr tarixlərində keçiriləcək yarışlarda 12 ölkə– Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı qələbə uğrunda mübarizə aparacaq. Ənənəvi reqata ilk dəfə işğaldan azad olunmuş Füzulidə - Aşağı Köndələnçay su anbarında təşkil ediləcək. İdmançıların, ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi yarışların açılışından sonra avarçəkənlərin hazırlıq vəziyyətinə baxış keçirildi. Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar, 17 oktyabrda Füzulidə Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq. 18 oktyabr tarixində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində final yarışları və bağlanış mərasimi keçiriləcək.

Qeyd etmək lazımdır ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası buna qədər işğaldan azad olunmuş ərazilərimizdən Suqovuşanda ilk dəfə geniştərkibli idman tədbiri, həmçinin “Prezident Kuboku” və “Mingəçevir Reqatası” beynəlxalq turnirlərini təşkil edib.

Keçidlər