“Mingəçevir reqatası-2022”yə yekun vurulub
23 oktyabr 2022 | 12:33
Yarışda Azərbaycanla yanaşı, Türkiyə, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Özbəkistan və Ukraynadan 130-dək idmançı medallar uğrunda mübarizə aparıb. Suqovuşanda startı verilən yarışın son 2 günü “Kür” Olimpiya Tədris İdman Mərkəzində keçirilib. Reqatanın sonuncu günündə kayak, kanoe və avarçəkmə üzrə 8 kateqoriyada qaliblər müəyyənləşib. Azərbaycan təmsilçiləri 3 gün davam edən yarışı müxtəlif kateqoriyalar üzrə 26 medalla başa vurublar. Bunların 5-i qızıl, 10-u gümüş, 11-i isə bürünc medal olub. Reqata başa çatdıqdan sonra ölkələrin nümunəvi paradı olub və qaliblər mükafatlandırılıb. Mükafatları Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, deputat Elman Nəsirov və digər rəsmi şəxslər təqdim ediblər.